Nazir: "Bu il Azərbaycanda orta illik inflyasiya 9,5 % olacaq"

Qiymət artımlarına təsir edən xarici və daxili amillər, o cümlədən növbəti il dünyada ərzaq qiymətləri indeksinin nisbətən aşağı düşəcəyi proqnozları nəzərə alınmaqla Azərbaycanda orta illik inflyasiya cari ildə 9,5 % səviyyəsində olacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, inflyasiyanın 2024-cü ildə 5,3 %, 2025-2027-ci illərdə isə strategiya ilə müəyyən edilmiş hədəf diapazonuna uyğun olaraq 4-5 % ətrafında olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda inflyasiya ötən ilin eyni dövrünə nisbətən 10,9 % təşkil edib, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 12,4 %, qeyri-ərzaq məhsulları üzrə 10,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,6 % artıb.