Payız-qış mövsümünə hazırlıq çərçivəsində, bu il Azərbaycanın yeraltı anbarlarına 2 mlrd. kubmetrədək qaz vurulub.
“APA-Economics” xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
“Bu da bizə payız-qış mövsümündə temperaturun kəskin dəyişməsi zamanı tələbata uyğun olaraq istehlakçıları fasiləsiz qaz ilə təmin etməyə imkan verəcək”, - şörə müdiri qeyd edib.
Onun sözlərinə görə, “Azəriqaz” tərəfindən payız-qış mövsümünə hazırlıq tədbirlər planına uyğun olaraq bütün zəruri işlər icra olunub.
“Biz qışa tam hazırıq, amma əlbəttə qəzalar istisna deyil, qəzalar ola bilər. Qışa hazırlıqla bağlı bizim qaz təchizatı şəbəkəmizdə bütün təmir-bərpa işləri görülüb”, - Rasim Əhmədov bildirib.
Xatırladaq ki, Azərbaycanda iki yeraltı qaz anbarı var - Qaradağ və Qalmaz. Hər iki qaz anbarının tutumu 3,34 mlrd. kubmetr təşkil edir ki, bunun 1,89 mlrd. kubmetri Qaradağ, 1,45 mlrd. kubmetri isə Qalmaq YQA-nın payına düşür. Payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə ötən il yeraltı qaz anbarlarında 3,1 mlrd. kubmetrdən çox qaz ehtiyatı yaradılıb.