Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, tütün məmulatları üzrə aksiz vergisinin markaların (məcburi nişanlamanın) alınması zamanı əvvəlcədən ödənilməsi mexanizminin tətbiqi, tütün məmulatları üzrə aksiz dərəcələrinin artırılması planlaşdırılır.
Dəyişikliyə əsasən, 2024-cü il yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1 000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.
Mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir. Vergilərdəki dəyişikliklər bazara ciddi təsir göstərməsə də, qiymətartırıcı faktorlardır:
“Aksizin qiyməti bahalaşan kimi birmənalı olaraq siqaretin də qiyməti artır. Edilən dəyişikliyə əsasən? aksiz dərəcələrinin artması bir qutu siqaretin qiymətində ən azı 14 qəpiklik fərq yaradacaq. Aksiz vergisi müvafiq məhsulların maya dəyərində öz əksini tapan xərc yaradır. Təxminən 6-18 faizə qədər aksiz vergilərinin artırılması planlanır. Qərara əsasən, bir siqaret üçün maya dəyəri təxminən 2,5 qəpiyə qədər artacaq. Bir qutu siqaret üçün isə 14 qəpiyə qədər bahalaşma gözlənilir”.
İqtisadçı əlavə edib ki, siqaretin qiymətindəki artım istehlakçıların sayına öz təsirini göstərəcək.