Nazirlik rəsmisi: "Aqroturizmlə məşğul olanların sayı getdikcə artır"

Azərbaycanda aqroturizmlə məşğul olanların sayı getdikcə artır.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-nin nümayəndəsi Hikmət Hüseynov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirilən sosial layihə çərçivəsində indiyə qədər 220-dən çox insana təlimlər keçirilib: "Bu təlimlərdə iştirak edənlərin əksəriyyəti aqrar sahədə çalışan insanlar olub və onlar turizm bacarıqlarını inkişaf etdiriblər".

“Layihənin I mərhələsində nümunəvi təsərrüfatlarla, ideala yaxın müəssisələrlə işlədik. Təsərrüfatlara baxış keçirib çatışmayan məqamlarla bağlı fermerlərə dəstək olmağa çalışdıq. Məqsədimiz təsərrüfatların turist qəbul etmək üçün hazır vəziyyətə gətirilməsi idi. Hazırda layihə davam edir, bu həftə əməkdaşlarımız Göyçayda təsərürfatlara baş çəkiblər. Bununla yanaşı, Kürdəmirdə də bir sıra təsərrüfatlarda olmuşuq. Kürdəmirin bəzi kəndləri flaminqoların hərəkət etdikləri ərazilərə düşür. Bu isə təsərrüfatların cəlbediciliyini artırır”, - deyə nazirlik rəsmisi qeyd edib.

"Aqroturizm yeni trenddir, həm aqrar sahəni, həm də turizm sahəsini kəsişdirir. Hər iki sahə iqtisadiyyatda önəmli yerə sahibdir. Bu iki sahə üzrə inkişaf bizim üçün prioritetdir, ölkəyə həm valyuta gətirməsi, həm də məşğulluğun təmin edilməsində vacibdir, fermerlər üçün əlavə gəlir mənbəyi yaradır. Fermerlər öz məhsullarını müştərilərə birbaşa tanıdırlar. Aqroturizmin inkişafı pandemiyadan sonrakı dövrdə daha da aktuallaşıb. Bizim layihənin inkişafı da bu dövrə təsaduf edib”.