Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 168 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 9,6 % çoxdur.
Xatırladaq ki, hesabat dövründə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı illik müqayisədə 11,2 % artaraq 920 manat olub. Beləliklə, Bakıda orta maaş ölkə üzrə orta göstəricini 27 % üstələyir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Bakı şəhərində orta əmək haqqının ölkənin digər bölgələrindən 27 faiz çox olması ölkənin bütün iqtisadi fürsətlərinin Bakıda cəmləşdiyini bir daha sübut edir:
“Aradakı fərq birbaşa onun göstəricisidir. Bütün iqtisadi fürsətlərin Bakıda olması əhalinin yaşama disproporsiyasını yaradır. Bakı hədsiz dərəcədə çox yüklənib. Bunu hər gün aydın şəkildə hiss edirik. Tıxaclardakı vəziyyət, bölgələrin əhalisinin Bakıya axını birbaşa bunun sübutudur. Ölkə əhalisinin az qala 40 faizi Abşeron yarmadasında yaşayır. Regionlarda iş imkanlarının yaradılması zəruri hala çevrilib. İnsanlarda regionlara qarşı marağın artması və gəlirliliyin artması üçün yeni iş yerləri açılmalıdır. Regionların cəlbediciliyi artmadığı müddətcə bu fərqin qapadılması mümkün olmayacaq”.