"İlin ilk günlərində neft qiymətlərinin qalxmasının səbəbi Babül-Məndəb boğazında baş verən problemlərlə əlaqədardır".
Bu sözləri 2024-cü ilin ilk iki günündə neft qiymətlərində olan bahalaşma barəsində "Sherg.az"a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O bildirib ki, neft qiymətlərində baş verən artım neftin hasilatının aşağı düşməsi və yaxud tələbin yüksəlməsi konteksində baş vermir:
"Bu sırf sözügedən boğazda baş verən hərbi-siyasi gərginliklə bağlıdır. Adətən hərbi-siyasi problemlər neft qiymətlərinin artmasına təsir göstərir. Lakin bu uzunmüddətli olmur. Hər şey Amerika və İran arasında boğazda gedən münaqişənin hansı səviyyəyə qalxmasından aslı olacaq. Gərginlik artarsa, neft qiyməti artacaq. Çünki Babül-Məndəb boğazı vasitəsilə dünyanın neft ixracının 10% i təmin olunur. Təbii ki, belə olan halda boğazda baş verən hadisələr brend neftnin qiymətlərinə təsir edir".
Ekspert bazardakı ümumi fundemental vəziyyətə baxdıqda tələbin yetəri qədər yüksək olmadığının müşahidə olunduğunu söyləyib:
"Xüsusəndə Çində neftə olan tələb bir qədər aşağı düşüb. Neft sektorunda illik praqnoz vermək çox çətindir. Çünki təkcə hasilat və alış məsələləri ilə əlaqədar deyil, eyni zamanda siyasi-hərbi gərginliklər fonundan da aslı olaraq dəyişir. Amma ümumi şəkildə 2024-cü ildə neftin qiymətlərində artım müşahidə olunacağı praqnozlaşdırılır. Orta illik qiymətlərin 85-90 dollar intervalında dəyişəcəyi öngürülür".