Hökumət ətin qiymətində artımın qarşısını almağa çalışır
Yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Buna əsasən Azərbaycanda siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək. Qed edək ki, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr tam olaraq 2020-ci il yanvarın 1-dən etibarən ƏDV-dən azad edilib. Lakin kənd təsərrüfatı məhsullarının sonrakı mərhələdə dövriyyəsi, yəni, tədarükü və ticarəti tam olaraq vergidən azad deyil (ƏDV dərəcəsi 18 faizdir). Yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin daha 3 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi ət, ət məhsulları və quş əti, quşçuluq məhsullarının satış qiymətinə müsbət təsir edəcəkmi?
İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qeyri-neft sektorunun əsas qollarından birini kənd təsərrüfatı, yəni aqrar sektor, digərini isə sənaye təşkil edir. Cənab Prezident hökumət nümayəndələri ilə keçirdiyi müşavirələrdə də daim vurğulayıb ki, biz qeyri-neft sektorunun iki qolunu - aqrar sektoru və sənayeni inkişaf etdirməliyik. Qeyri-neft sektorunda isə ən çox güzəştlər tətbiq olunan sahə aqrar sektordur. Kənd təsərrüfatı subyektlərinə bir çox kreditlər verlir, taxılçılıqda subsidiya siyasəti mövcuddur, fermerlərə maliyyə yardımı həyata keçirilir, yəni, aqrar sektorda bir çox güzəştlər tətbiq olunur. Bu da aqrar sektorun ümumdaxili məhsulda həcmini, payını artırmaq, ərzaq təhlükəsizliyinin təmin olunması, yerli məhsulların istehsalını inkişaf etdirmək, bu sahədə ixracı da genişəndirmək məqsədi daşıyır:
- Əsasən də bu güzəştlər bilavasitə son illər ərzində heyvandarlıqda müşahidə olunan yerli istehsalın aşağı düşməsi kimi mənfi tendensiyanın qarşısını almaq məqsədi daşıyır. Ölkədə heydandarlıq sahəsində vəziyyət yaxşı deyil. Yerli istehsal azalır, idxal genişlənir. Bu tendensiyanın digər sahələrə də sirayət edəcəyi təhlükəsi artır. Bunun qarşısı alınmasa, sabah quşçuluqda da, kənd təsərrüfatı məhsullarının yetişdirilməsində də hazırda heyvandarlıqda üzləşdiyimiz vəziyyətlə üzləşə bilərik. Bunun qarşısı vaxtında alınmasa, sonra çətin olacaq. Yerli istehsal azaldıqca istehsalın maya dəyəri yüksəlir və istehsalın aşağı düşməsi prosesini sürətləndirir. Bu gün heyvandarlıqla məşğul olanlara sual verəndə ki nəyə görə heyvan saxlamaq getdikcə çətinləşir, nəyə görə kəndli heyvan saxlamaqdan imtna edir, bunu səmərəsiz hesab edir, kənd əhalisi vaxtilə həyətində saxladığı, bəslədiyi mal-qaradan əldə etdiyi məhsulu indi marketlərdən alır, cavab verirlər ki, heyvan saxlamaq çətindir. Yemin qiyməti yüksəkdir, örüş yerləri çox azdır, həyətyanı sahədə yem əldə etmık imkanı yoxdur, yemi pulla alırıq, bizə sərf etmir heyvan saxlamaq. Həqiqətən də son illərdə yem məhsullarının əldə edilməsi xeyli çətinləşib. Kənardan da idxal sərfəli deyil, baha başa gəlir. Ona görə də hökumət getdikcə daha böyük güzəştlərə əl atmaq məcburiyyətində qalır ki, tənəzzülün qarşısını ala bilsin. Əks halda idxaldan asılı qalacağıq. Əvvəllər biz ət məhsulları ilə özümüzü 90-95 faiz təmin edirdik, amma indi bu rəqəm əhəmiyyətli dərəcədə aşağı düşüb. Bunun bir səbəbi də pambıqçılığın genişləndirilməsi siyasətinin düzgün aparılmaması, nəticəsə örüş yerlərinin azalmasıdır. Belə vəziyyətdə yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin daha 3 il müddətinə ƏDV-dən azad edilməsi qaçılmazdır. Hökumət buna getməlidir ki yerli istehsalın tənəzzülünün qarşısı alınsın, heydandarlıq məhsullarının istehsalı artsın ki, ətin qiyməti də getdkcə yüksəlməsin.