Yeni ilin əvvəli qızıl bazarında durğunluq yaşanır. Bazarda qiymətlərin baha olması alıcıların azalmasına səbəb olur.
Satıcılar bildiriblər ki, hər il bayramda daha çox alıcı olduğu halda, bu bayram alıcı sayı kəskin azalıb.
Bildirilib ki, son iki ayda qızıl bazarında qiymət artımı pik həddə çatıb. Mart ayında isə qızılın qiymətinin ucuzlaşacağı deyilir.
Qızılın bazardakı qiymətləri ilə bağlı "Sherg.az" a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ümumiyyətlə satıcıların martda qızılın qiymətinin ucuzlaşacağına dair proqnozlarının heç bir əsası yoxdur:
"Çünki qızıl qiymətləri dünya bazarında tarix boyu ən yüksək həddinə çatıb. Bunun əsas səbəbi dünyada qeyri-müəyyənliklərin artmasıdır. Belə ki, 3-cü dünya müharibəsinin baş vermə ehtimalı, dolların sürətli bahalaşmasından sonra ucuzlaşdırılması, dövlətlərin qızıl alışlarını artırması kimi səbəblər qızılın qiymətinin yüksək qalmasına şərait yaradır. Qızılın qiymətinin 3-4 ay ərzində düşməsi inandırıcı deyil. Dünyada siyasi gərginlik aşağı düşərsə, bəli, qızılın qiyməti aşağa düşə bilər. Azərbaycanda evlənənlərin sayının azalması qızıl alışının enməsinə şərait yaradan faktorlardan biridir".