Ölkəmiz 87 faiz düyü idxalından aslıdır
Dünyada düyünün qiyməti son 15 ildə ən yüksək səviyyəyə qalxıb. Son iki həftə ərzində artım 7 faiz təşkil edib. Buna yüksək tələbat və təchizatla bağlı problemlər səbəb olub.
Maraqlıdır qiymət artımı yerli bazara necə təsir edəcək?
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, ölkəmiz 87% düyü idxalından aslıdır.
"Təəssüflər olsun ki, Azərbaycan düyüyə olan təlabatını daxili istehsal hesabına ödəyə bilmir. Dünya bazarında düyünün qiyməti artdıqda ölkə bazarına dərhal təsir edir. Ötən il də dünyada düyünün qiyməti 21 faiz artmışdı. Dekabr ayında isə BMT- nin FAO təşkilatı öz hesabatını yayıb. Beləki, orada göstərilir ki, düyünün məbləği dünya bazarında 1.6 faiz artıb. Bu artımın səbəbi qlobal istiləşmə nəticəsində istehsalda müəyyən problemlər yaranmasıdır”.
Ekspert vurğulayıb ki, bir sıra ölkələr, xüsusən də Hindistan düyü ixracına məhdudiyyət qoymuşdu: “Həm təlabat artır, həm də ki təklif yetərincə deyil. Bu səbəbdən də bu məhsulun qiymətində bahalaşma olduğunu görürük. Gələcəkdə də qiymətin artacağı gözləniləndir. Çünki bu sahədə nə istesal, nə də qiymətlər dayanıqlı deyil. Azərbaycanda xarici idxaldan aslı olduğuna görə, dünya bazarında qiymətlər artsa, bizdə də artacaq. İnanmıram ki, düyü qiymətlərində bir o qədər enmə olsun. Ancaq nisbətən azalma müşahidə edilə bilər".