Azərbaycanda xurma ixracı pomidordan sonra ikinci yerdə qərarlaşıb - EKSPERT

"Bu artım kənd təsərrüfatı sektorunun inkişafı, fermerlərin gəlirlərinin artması, ölkəyə valyuta daxil olması baxımından kifayət qədər müsbət haldır"

Qeyri-neft sektorunun inkişafı qarşıya qoyulan hədəflər sırasındadır. Bu mənada aqrar sahə özünəməxsus yer tutur. Təsadüfi deyil ki, ixrac həcminə görə qeyri-neft məhsulları içərisində kənd təsərrüfatı məhsulları ilk pillədədir.

Öz ixrac qabiliyyətinə görə seçilən məhsullardan biri də xurmadır. Bəs görəsən bu sahədə vəziyyət necə dəyərləndirilir? İxrac potensialını artırmaq üçün hansı işlər görülə bilər?


Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında 91,4 milyon dollar dəyərində xurma ixrac edilib. "Sherg.az" 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, həmin göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 1,9 milyon dollar və ya  2,1% artıb.
Təkcə noyabr ayında 45,3 milyon dollarlıq xurma ixrac olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,7 milyon dollar və ya 9,8 dəfə çoxdur. 2022-ci ilin noyabr ayında 4,6 milyon dollarlıq xurma ixrac edilib.
Onu da deyək ki,gələcəyin trend məhsullarından biri xurmadır və dünya bazarında onun mövqeyi getdikcə güclənir.
Qlobal bazarda əsas xurma tədarükçüləri Çin, Cənubi Koreya, Azərbaycan, Yaponiya  və Braziliya olub.

Qlobal xurma bazarının 2023-2028-ci illərdə illik 6,16 %-lik artım tempi ilə böyüyüəcəyi gözlənilir. Son nəticədə qlobal xurma bazarının həcmi 2023-cü ildə 0,84 milyard ABŞ dollarından 2028-ci ildə 1,13 milyard ABŞ dolarına yüksələcəyi proqnozlaşdırılır.
Ekspertlərin, ixracın belə artımının əsas səbəbi idxal edən ölkələrdə xurmanın yüksək qiymətləri və bir sıra ölkələrdə istehsalın təşkil olmasıdır. Almaniya, ABŞ və s. kimi istehsalı olmayan və ya az olan bir çox ölkələrdə xurma meyvələrinə tələbat yüksəkdir. Bu ölkələr Çin kimi istehsalın çox olduğu ölkələrdən idxal edirlər. Maraqlıdır ki, Çin aparıcı ixracatçı olmaqla həm də ən çox idxal edən ölkələrdən biridir.


İqtisadçı-ekspert Əyyub Kərimli isə "Sherg.az"a  açıqlamasında ildən-ilə xurmanın ixrac strukturunda mövqeyini daha da gücləndirəcəyini qeyd edib: 
"2023-cü ildə xurma ixracının göstəriciləri pomidordan sonra, ikinci yerdə qərarlaşıb. Bu artım kənd təsərrüfatı sektorunun inkişafı, fermerlərin gəlirlərinin artması, ölkəyə valyuta daxil olması baxımından kifayət qədər müsbət haldır".

Ölkəmizdə xurma istehsalının geniş potensialı olduğunu vurğulayan Ə. Kərimli  deyib ki, istehsal tələbatdan qat-qat artıq olduğundan bir çox hallarda meyvənin israfına da şahid oluruq: "İxrac potensialımızdan tam istifadə edə bilmirik deyə bəzən tonlarla məhsul yararsız hala gələrək məhv olur. 
Xurma istehsalının genişləndirilməsi üçün ölkəmizdə geniş imkanlar olsa da, məhsulun saxlanılması bağlı xüsusi tədbirlər görülməlidir. Xurma spesifik, tezxarab olan bir meyvə olduğundan fermerlərin kommunikasiya və logistika imkanları genişləndirilməlidir. 
Sahibkarlarla yanaşı hökümət də satış-ixrac bazarlarının diversifikasiyası ilə məşğul olmalıdır.
Dövlət sahibkarlara xarici bazara çıxış üçün imkanlar yaratmalı, xarici bazarlarda Azərbaycan  xurmasının tanıdılması istiqamətində iş görülməlidir. Yəni dövlət daşınma, logistika sistemlərini inkişaf etdirir ki, fermerlər ölkədə istehsal olunan məhsullarını xarici bazarlara çıxara bilsin və ölkəyə valyuta gəlsin.   Təbii ki, Avropa bazarlarına çıxış böyük nəqliyyat xərcləri tələb edir. Həmçinin bu bazarlarda keyfiyyət standartlarına olan tələb də çox yüksəkdir. Düşünürəm ki, fermerlərə, sahibkarlara müvafiq şərait yaradılarsa, daha çox gəlir əldə etmək mümkündür”.

Ekspertin fikrincə xurmanın quru meyvə kimi satılmasından da gəlir əldə etmək olar. İqtisadçı deyib ki, xurma elə bir məhsuldur ki, o, təkcə xammal kimi yox, emal halında da ixrac edilə bilər. Azərbaycanda xurmanın istehsalı ilə bağlı emal zavodları fəaliyyət göstərməlidir.  Xurma istehsalı geniş olan bölgələrdə dövlət emal müəssisələrinin qurulması üçün sahibkarlara güzəşt etməli, yaxud da stimullaşdırıcı tədbirlər görülməlidir.