Neftin qiyməti enişə keçib - SƏBƏB?

Səudiyyə Ərəbistanı bütün bölgələrdə, o cümlədən Asiya bazarında alıcılar üçün neftin qiymətlərini aşağı salacaq.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat dərc edib.
Məlumata görə, “Saudi Aramco” “Arab Light” markalı yanacağın maya dəyərini bir barrel üçün 1,5-2 dollar ucuzlaşdıracaq.
Neft nəhəngi həmçinin Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerikaya fevral ayı tədarüklərinə endirim edib.
"Neft istehlakı adətən fevral və mart aylarında azalır. Neft emalı zavodları bu müddətdən bəzi zavodları təmirə bağlamaq üçün istifadə edir", - hesabatda deyilib.

Bu addımın neft bazarına təsiri barəsində "Sherg.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Səudiyyə Ərəbistanın sözügedən siyasəti neft bazarında yaranan vəziyyətlə əlaqədardır:

"Çünki yanvarın sonu, fevralın əvvəlində Çində böyük yeni il tətilləri olacaq. İş yerləri müvəqqəti olaraq fəaliyyətini dayandırdığı üçün, neft istehlakı azalır. Bundan əlavə bir çox neft ayrıma zavodları plan üzrə fevral, mart aylarında təmirə dayanırlar. Çünki ildə bir dəfə filtirlərin təmizlənməsi və cari təmir işləri olmalıdır. Neftə olan tələbat, neft alışları azalır. Nəticədə Səudiyyə Ərəbistan bazarda mövqeyini qorumaq, müştərilərini itirməmək üçün belə endirimə gedir. Sözügedən proses artıq özünü göstərməyə başlayıb. Belə ki, bu gündən təqribən 1,5 faiz neft qiymətləri azalıb. 80 dollara çatan neft qiyməti hazırda 78 dollar civarındadır".