İqtisadçı: Moskvada Azərbaycan pomidoru 10 manata satılır

İqtisadiyyat üçün əsas olan gəlirlərin artmasıdır, ixracat iqtisadiyyatı böyüdür

“Qumun kubunu 13-14 manata satırdılar, tənzimlənməyə nəzarət artdıqdan sonra qumun qiyməti də 2 dəfə qalxıb. Standartların tətbiqi, nəzarətin artması qiymətləri qaldırır”



  Hazırda Mərkəzi Asiya, MDB ölkələrində inşaat bazarında canlanma müşahidə olunur.
"Sherg.az" xəbər verir ki, u barədə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının  Baş katibi Şahanə Sarı danışıb. 
Ş.Sarı bildirib ki, ilk növbədə Azərbaycan MDB dövlətləri arasında öz liderliyini qoruyub saxlayır. Baş katib Azərbaycanın bir sıra ölkələrə tikinti materialları ixrac edə biləcəyini deyib: 
"Əsasən SPECA ölkələri başda olmaqla Azərbaycanın tikinti materiallarını ixrac edə biləcəyi bir çox ölkələr mövcuddur. Biz sentyabr ayında Qazaxıstanda baş tutacaq sərgidə iştirak edəcəyik, orada Azərbaycan stendi qurulacaq. Özbəkistan, Türkmənistan, Rusiyada da oxşar tədbirlərdə iştirakı planlayırıq. Digər ölkələrə də ixrac imkanlarının genişləndirilməsi üçün sistemli işlər davam edir".
  İxrac imkanları o zaman artır ki, yerli istehsalda artım müşahidə edilir, yerli bazarda qiymətlər əlçatan olur. Azərbaycanda tikinti materialları bazarında isə daim qiymətlər yüksələn sürətlə artır. Sahibkarlar, satıcılar bunu, tikinti materiallarının Rusiyadan, Qazaxıstandan və başqa ölkələrdən ixrac edildiyi ilə əsaslandırırlar. Bir halda ki, Azərbaycanın tikinti materialları ilə bağlı ixrac imkanları Baş katibin dediyi kimi bu dərəcədə genişdir, o zaman əvvəlcə yerli bazarda qiymətlərin tənzimlənməsi üçün əməli addım atılsın. Necə deyərlər, əvvəlcə evin içi, sonra çölü. Bəlkə də bizim bilmədiyimiz məqamlar var. 
Bunu iqtisadçı Xalid Kərimlidən öyrənməyə çalışdıq: 
- Sahibkar üçün maraqlı olan məhsulunu sata bilməkdir. Və yaxşı sata bilməkdir. Onun üçün maraqlı deyil, ucuz satsın, kimsə onu ala bilsin. Biz özümüz də sahibkar olsaq, belə düşünərik; bir şeyi baha sata bilərəmsə, niyə ucuz satmalıyam?!  Tikinti materiallarının qiymətinin qalxmasının səbəbləri var. Birincisi, pulun dəyəri ölür. İnflyasiya pulun dəyərini “yeyir”. Hamımız görürük ki, pulun dəyəri son illər aşağı düşüb. Sahibkar da bunu hiss edir, görür. Qiymətin düşməsi üçün məhsulun daha çox istehsalına ehtiyac var. Sahibkar könüllü şəkildə qiyməti endirməz. Rəqabət olmalıdır, bazara daha çox məhsul çıxmalıdır ki, qiymətlər düşsün. İkincisi, tələbat artdıqca qiymətlər də artır. Mənzilə tələbat artır, tikintiyə tələbat artır. Qiymətlər də artır. 

  İxracın müsbət tərəflərinə gəlincə, X.Kərinli qeyd etdi ki, bu, iqtisadi artım üçün faydalıdır:
 - Sahibkar qərar verir harada satsın məhsulunu. Kimsə sahibkara deyə bilməz, məhsulunu daxili bazara çıxar, ixrac etmə. Əlbəttə, ixrac imkanları artdıqca yerli bazara daha az məhsul çıxarılır, bu da qiymətlərin yüksəlməsi ehtimalını artırır. Amma yenə deyirəm, bu, sizin, bizim problemimizdir, sahibkara aid deyil. İqtisadiyyat üçün maraqlıdır ki, istehsal olunan məhsul baha satılsın.  Eyni hal pomidorla bağlı da baş verir hər dəfə. Yerli fermerlər məhsulu daha çox ixrac edir, 10 manata satılır Moskvada Azərbaycan pomidoru. İqtisadiyyat üçün əsas olan gəlirlərin artmasıdır, ixracat iqtisadiyyatı böyüdür. Gəlirlər çoxalır. Bir məhsul xaricdə baha satıla bilirsə, onu daxili bazarda ucuz satmayacaqlar. İxraca üstünlük veriləcək. Bu artıq biz vətəndaşların problemidir ki, o məhsulu baha qiymətə almaq imkanlarımız zəifləyir. Sahibkarın günahı deyil. 

  X.Kərimli bildirdi ki, tikinti materiallarının qiymətində son illərdə bahalaşma müşahidə olunur: 
- Amma ola bilsin ki, bu, qiymətlərin indiyədək nisbətən aşağı olmasıyla bağlıdır. Qiymətlərdə cüzi artım olan kimi biz bunu hiss edirik.  Bunun da səbəblərini dedik. Son 2 ildə həm pulun dəyərdən düşməsi, həm də tələbatın artması. Qiymət artımına digər amillər də əsaslı təsir edir. Məsələn, avtomobillərdə yükdaşımaya məhdudiyyətlər qoyulub. Əvvəlcə yük maşınlarını nə qədər istəyir yükləyirdilər. Lakin artıq burada normalar müəyyən olunub. Fəhlələr deyir ki, əvvəlcə maşına  40 ton yük vura bilirdik, indi 20 ton vururuq. Daşınma xərci qalxır, məhsulun qiyməti də qalxır. Qumun kubunu 13-14 manata  satırdılar, tənzimlənməyə nəzarət artdıqdan sonra qumun qiyməti də 2 dəfə qalxıb. Standartların tətbiqi, nəzarətin artması qiymətləri qaldırır.