“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 yanvar 2024-cü il tarixinədək 629,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 584,7 mln. ton neft, “Şahdəniz”dən isə 44,5 mln. tona yaxın kondensat çıxarılıb.
Məlumata görə, qeyd olunan həcmdən 01 yanvar 2024-cü il tarixinədək 627,3 mln. tonu ixraca nəql edilib.
Bildirilir ki, 2023-cü il ərzində ölkədə 30,2 mln.ton neft (kondensatla birlikdə) hasil edilib.
“Neft hasilatının 17,8 milyon tonu AÇG-nin, 4,3 mln.tonu (kondensat)“Şahdəniz”in, 0,3 mln. tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 7,8 mln. ton təşkil edib.
“Bu dövrdə 25,2 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 22,1 mln. tonu konsorsiumun, 3,1 mln. tonu isə SOCAR-ın payına düşüb”, - məlumatda qeyd olunub.