Vüqar Bayramov: İşğaldan azad olunmuş ərazilərimizdə də xüsusi sənaye zonaları yaradılıb

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 


Sahibkarlar vergi güzəştlərindən yararlanacaq

Ağdamda yaradılmış xüsusi sənaye zonasına müraciət edən sahibkarların sayı kifayət qədər çoxdur

Türkiyə şirkətləri də Qarabağda yaradılan sənaye parklarına investisiya yatırmağa dəvət edilib


  Xüsusi iqtisadi zonalar bir çox ölkələrin iqtisadiyyatında mühüm yer tutur. Müxtəlif tipli xüsusi iqtisadi zonaların yaradılmasına son onilliklərdə dünya iqtisadiyyatında baş verən ciddi dəyişikliklər səbəb olub. Dünya təcrübəsində müxtəlif siyasi və sosial-iqtisadi sistemlərdə, ərazilərdə xüsusi iqtisadi zonaların fəaliyyət göstərməsi ilə bağlı böyük uğurlu təcrübə mövcuddur. Xüsusi iqtisadi zonaların yaradılmasında əsas məqsəd bütövlükdə dövlətin və ya onun ayrı-ayrı ərazisinin inkişafının strateji problemlərinin (xarici ticarət, ümumi iqtisadi, sosial, regional, elmi-texniki) həllidir. Müxtəlif növ XİZ-lərin yaradılma təcrübəsi ABŞ, Çin və Meksika kimi ölkələr tərəfindən geniş istifadə olunur. ABŞ-də xarici ticarət zonaları, texnoparklar və müəssisə zonaları aktiv fəaliyyət göstərir. İqtisadi faydalar əsasən yerli investorlara verilir. Amerika XİZ-lərinin fəaliyyətinin nəticələri mal və xidmətlərin ixracının və ölkədə məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə artmasından, regional beynəlxalq marketinqin intensivləşməsindən ibarətdir ki, bu da ilk növbədə sənaye müəssisələrinin yaradılması ilə bağlıdır. Çin iqtisadiyyatında özəl investisiya zonaları, yüksək texnologiyalı inkişaf zonaları, xüsusi iqtisadi zonalar, iqtisadi və texnoloji inkişaf zonaları, azad ticarət zonaları, transsərhəd iqtisadi əməkdaşlıq zonaları kimi XİZ-lərin institusional formalarından geniş istifadə olunur. Çinin sənaye parklarının və texnoloji inkişaf zonalarının yaradılması təcrübəsi dünyada ən uğurlu təcrübələrdən biri kimi tanınır. Burada 50-dən çox yeni və yüksək texnologiyalar parkı səmərəli fəaliyyət göstərir. Çin hökumətinin son onilliklərdə apardığı iqtisadi islahatlar XİZ-lərin inkişafına müsbət təsir göstərib. Müxtəlif hesablamalara görə, dünyada müxtəlif tipli azad iqtisadi zonaların sayı durmadan artır. Dördüncü Sənaye İnqilabı qlobal miqyasda azad iqtisadi zonaların, o cümlədən elmi-texniki və innovativ transsərhəd azad iqtisadi zonaların daha da inkişafına töhfə verib. Xüsusi iqtisadi zonaların Azərbaycanda qəbul olunmuş strateji proqramların və layihələrin həyata keçirilməsində, sosial-iqtisadi inkişafın yeni mərhələsində prioritet vəzifələrin həllində mühüm rol oynaya biləcəyini qeyd edən Prezident İlham Əliyev 6 mart 2007-ci il tarixli “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Sərəncam imzalayıb. XİZ-lərin yaradılmasının ölkə üçün əhəmiyyətindən danışarkən Ələtdəki azad iqtisadi zonadan faydalanacaq nəqliyyat layihələrini qeyd etmək lazımdır. Bu nəqliyyat marşrutları Ələt və Xəzər dənizindən keçməklə Ələt XİZ-in aktuallığını daha da artırmış olacaq. Bundan əlavə, XİZ-i ölkə iqtisadiyyatının bir çox sahələrinin inkişafı üçün təkan hesab etmək lazımdır, belə bir layihənin həyata keçirilməsi prosesində tikinti sektoru və əmək bazarı inkişaf edəcəkdir. Azərbaycanda 6 sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Ağdam, Mingəçevir və “Araz Vadisi İqtisadi Zonası”) və 4 sənaye rayonu (Hacıqabul, Masallı, Neftçala və Sabirabad) mövcuddur. Onların hamısı İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən idarə olunur.  
  İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib ki, son üç ildə sənaye zonalarında 8 milyard manatdan çox məhsul istehsal edilib. Nazir bildirib ki, bu müddət ərzində agentliyin idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 17 müəssisə fəaliyyətə başlayıb, 1336 daimi iş yeri yaradılıb: “Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7 faizi (yəni 3,02 milyard manat) ixracın payına düşür”. 
  “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan iki müəssisə tərəfindən ümumilikdə Sənaye Parkına 11 milyon manatdan çox investisiyanın yatırılması, 150-dək iş yerinin yaradılması nəzərdə tutulur. 2024-cü ilin oktyabrında fəaliyyətə başlaması planlaşdırılan "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC Sənaye Parkının 5 hektar ərazisində minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını həyata keçirəcək müəssisənin qurulması istiqamətində artıq işlərə başlayıb. Hazırda ərazidə planlama, qazma işləri görülür. İnvestisiya həcmi 7,4 milyon manat olan müəssisədə 124 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Müəssisədə 2 model minatəmizləyən texnikanın (piyada əleyhinə minatəmizləyən “Revival P” və Revival T” tank əleyhinə minatəmizləyən texnikaların) istehsalı həyata keçiriləcək. Eyni zamanda zavodda bu texnikalara servis xidməti də fəaliyyət göstərəcək. Müəssisədə ildə 100 ədəd minatəmizləyən texnikaların istehsalı planlaşdırılır. İstehsal olunacaq texnikalar işağldan azad edilmiş ərazilərdə istifadə edilməklə yanaşı, ixracı da həyata keçiriləcək. 2024-cü ildə Sənaye Parkının ərazisində “Holcim Azerbaijan” ASC tərəfindən birinci mərhələdə həcmi 2 min ton olan sement terminalının istifadəyə verilməsi planlaşdırılır. İkinci mərhələdə isə şirkət tərəfindən əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa ediləcək. İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox insan daimi işlə təmin olunacaq. İstehsal ediləcək məhsulların daxili bazarda satışı həyata keçiriləcək. Sənaye Parkında ilk dəfə olaraq “Holcim Azerbaijan” ASC tərəfindən “geobrik” kərpiclərdən istifadəyə başlanılıb. Hazırda şirkət tərəfindən inzibati binanın tikintisində bu kərpiclərdən istifadə edilir. Növbəti mərhələdə sözügedən kərpiclərdən işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində geniş istifadə olunması nəzərdə tutulur. Qeyd edək ki, “Holcim Azerbaijan” ASC tərəfindən Azərbaycanda “geobrik” kərpiclərin istehsalına ilk dəfə başlanılıb. Türkiyə şirkətləri də Qarabağda yaradılan sənaye parklarına investisiya yatırmağa dəvət edilib. 
 
 Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, sənaye zonaları, eləcə də, aqroparklar investsiyanın cəlb edilməsi üçün mühüm vasitələrdən biridir. Deputat diqqətə çatdırıb ki, bu istiqamətdə xüsusi təşviqlər var: 

"Sahibkarlar vergi güzəştlərindən istifadə edirlər. Bu da imkan verir ki, bu sahəyə daha çox sərmayə cəlb edilsin. Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə də xüsusi sənaye zonaları yaradılıb. Məsələn, Ağdamda yaradılmış xüsusi sənaye zonasına müraciət edən sahibkarların sayı kifayət qədər çoxdur. Bu istiqamətdə işlər çox intensiv şəkildə həyata keçirilir. Bir tərəfdən yerli məhsulun istehsalının genişləndirilməsi, idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir. Digər tərəfdən, önəmli xüsuslardan biri odur ki, belə zonalar qeyri-neft ixracatının artmasını stimullaşdırır. Nəzərə alaq ki, qeyri-neft ixracatında ötən il təxminən 10 faz artım olub. Bu da ondan xəbər verir ki, o məhsulların bir qismi sənaye zonalarında, yaxud aqroparklarda istehsal olunur. Ümumən, qeyri-neft sektorunun inkişafı və genişlənməsi baxımından xüsusi iqtisadi zonalar, sənaye zonaları çox vacibdir. Yerli məhsulların sayının artması və bir çox məhsullar üzrə bazarda qiymət tarazlığının qorunub saxlanması, qiymətlərin optimallaşdırılması baxımından önəmlidir".