Rəqabət Məcəlləsinin təsdiqi yeni dövrdə islahatların daha da dərinləşəcəyindən xəbər verir
“Çox yaxşı olardı ki, Məcəllənin daha geniş biznes çevrələrinə çatması üçün təbliğat işləri də güclənsin”
Prezident İlham Əliyev Rəqabət Məcəlləsini təsdiqləyib. 12 fəsil, 84 maddədən ibarət olan qanun 2024-ci ilin 1 iyul tarixindən qüvvəyə minəcək. 2006-cı ildən bəri birinci oxunuşdan sonra dayandırılan Rəqabət Məcəlləsi, nəhayət ki, 18 ildən sonra təsdiqlənərək hüquqi sənəd statusu aldı. Ekspertlərin sözlərinə görə, Rəqabət Məcəlləsi ölkədə rəqabət mühitinin formalaşmasına mütləq şəkildə töhfəsini verəcək. Qeyd edək ki, Rəqabət Məcəlləsi ölkəmizdə rəqabət mühitinin təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsi məqsədilə hazırlanıb. Məcəllə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları özündə ehtiva edir. Qanun Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında III oxunuşda qəbul edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Dövlət Nəzarət Xidmətinin şöbə müdiri Xamis Seyranov deyib ki, Rəqabət Məcəlləsi sahibkarların sağlam rəqabət şəraitində fəaliyyəti üçün bütün hüquqi çərçivə və iqtisadi əsasları müəyyənləşdirir. O bildirib kİ, bu məcəllənin qəbul edilməsi ilə iqtisadi tənzimlənmədə səmərəlilik yüksələcək: “Rəqabət Məcəlləsinin tətbiqi bazarlara giriş maneəsinin aradan qaldırılmasını təmin edəcək, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək. Bazarda rəqabət mühiti və azad rəqabət şəraitinin formalaşması bazar iştirakçılarının sayının çoxalmasına, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabət qabiliyyətinə imkan verəcək. Rəqabət mühitinin formalaşdırılması eyni zamanda özəl sektor tərəfindən innovasiya fəaliyyətinin və rəqəmsallaşmanın tətbiqinin genişləndirilməsinə, bu çərçivədə yeni alətlərin tətbiqinə imkan yaradacaq”. X.Seyranov həmçinin əlavə edib ki, Rəqabət Məcəlləsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması prosesində də özəl sektorun inkişafını sürətləndirəcək.
İqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki,
Rəqabət Məcəlləsinin təsdiqlənməsi çoxdan gözlənilən məsələ idi və uzun illərdir müzakirə olunurdu. Ekspert diqqətə çatdırıb ki, 2008-ci ildən bu yana dəfələrlə məsələ qaldırılsa da, məsələ həllini tapmamışdı:
"Nəhayət ki, Rəqabət Məcəlləsi qəbul olundu. Məcəllə qeyd olunan sahələrdə düzən yaradılması və rəqabətin gücləndirilməsi üçün hüquq yaradır. Bu hüquqi baza əsasında Azərbaycanda rəqabətsizlik mühitinin aradan qaldırılmasının yolları və üsulları həmin Məcəllədə əksini tapıb. Çox yaxşı olardı ki, Məcəllənin daha geniş biznes çevrələrinə çatması üçün təbliğat işləri də güclənsin. Bununla biznes fəaliyyəti icra edənlər öz hüquqlarını bilərlər".
Millət vəkili Vüqar Bayramov da "Sherg.az"a deyib ki, Rəqabət Məcəlləsinin təsdiqi ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Deputatın sözlərinə görə, Məcəllə ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək:
"Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir. Məcəllənin təsdiqində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsi və daha da gücləndirilməsidir. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir sənəddir. Həmçinin yeni Məcəllə inhisara qarşı mübarizə, kiçik və orta sahibkarlığın daha yaxından dəstəklənməsi, qiymətlərin optimallaşdırılması və hətta bəzi məhsullar üzrə qiymətlərin azaldılması baxımından da əhəmiyyətlidir. Uzun müddətdir ki, Rəqabət Məcəlləsinin qəbulu müzakirə olunurdu. Bu, iqtisadiyyatın sağlamlaşdırılması baxımından kifayət qədər vacib qanunlardan biridir".
Parlamentari vurğulayıb ki, bütün inkişaf etmiş ölkələrdə bu istiqamətdə qanunvericilik var: "Avropa İttifaqında ən vacib qanunlardan biri də rəqabət ilə bağlı qanundur. Ona görə də Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, bazarın liberallaşmasında, bazara çıxış imkanlarının artırılmasında və inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq. Bütövlükdə, Rəqabət Məcəlləsinin təsdiqi Azərbaycan iqtisadiyyatında yeni səhifənin açılması kimi xarakterizə edilir. Bu, yeni dövrdə islahatların daha da dərinləşəcəyindən xəbər verir".