Azərbaycanda islam bankçılığı sistemi yaradılacaq. Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, islam bankçılığı vətəndaşların marağına səbəb olacaq. Müxtəlif məqsədlər üçün kredit müraciəti edilə bilər. Məsələn, vətəndaş bankdan alacağı kredit hesabına biznes qurmağı planlaşdırırsa, əsas məbləğlə yanaşı qazancının müəyyən hissəsini müqavilədə göstərilən müddət ərzində bankla bölüşür. Borca görə dəbbə pulu hesablanmır. Yəni bu bankçılıq sistemi ilə təqdim edilən kreditlərə görə faiz tutulmur. Əgər vətəndaş zəruri sosial yönümlü ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır.
Məsələni dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında bildirib ki, uzun müddətdir Azərbaycanda islam bankçılığının yaradılması ilə bağlı müzakirələr gedir :
"Mərkəzi Bankın keçmiş rəhbərliyi buna imkan vermirdi, ancaq yeni rəhbərlik sistemin təşkil olunacağı ilə əlaqədar qanun layihəsi üzərində çalışır. Bütövlükdə bu addımı müsbət hesab etmək olar. Çünki islam bankçılığı təkcə müsəlmanlar üçün deyil. Başqa dinə etiqad edənlər və bütün şəxslər bundan istifadə edə bilərlər. Ümumiyyyətlə faiz və sələm vasitəsi ilə pulun verilməsi yalnız islamda deyil, bütün dinlərdə qadağan olunub. Məsələn, yəhudilərə görə, bu dinə sitayiş edənlər bir-birinə sələm verə bilməz. Əsarətdə saxlamaq üçün başqa millətlərə vermək olar. Ateistlər, həmçinin Aristotel də sələmçiliyi pisləyib. Çünki bu boş yerdən pul qazanmaq deməkdir. Sözügedən ideya gerçəkləşdirilsə, iqtisadi baxımdan zəngin müsəlman ölkələri Azərbaycana sərmayə qoymağa başlayar. Digər tərəfdən ölkəmizdə varlı, iş qurmaq istəyən dindarlar var. Onlar ənənəvi bankçılıq sisteminə pul qoymaq istəmirlər. Çünki bunu haram hesab edirlər. Eyni zamanda, burada dövlətin təhlükəsizliyi məsələsini diqqətdə saxlamaq lazımdır. Məlumdur ki, bəzi müsəlmanlar terroristlərə qoşulublar, bu isə terrorçuluğun maliyyələşdirilməsinə gətirib çıxarır".
Ekspert qeyd edib ki, islam bankçılığında kreditin faizsiz təşkil olunması onların pul qazanmadığı anlamına gəlmir :
"Sadəcə olaraq bankın işləmə mexanizmi şərikli təşkil olunur. Misal olaraq, pul qoyaraq banka şərik olmaq mümkündür və mənfəət əldə olunacaqsa, buna mütənasib gəlir veriləcək. İslam bankçılığı şəffaf iqtisadi şəraitdə fəaliyyət göstərməlidir. İstehlak kreditlərində isə kreditin verilməsinə görə, sabit xidmət haqqı təyin oluna bilər".