İqtisadçı: Məhsul idxalı zəif olduqda, daxilolmalar aşağı enir

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 473 milyon 728 min manat təşkil edib.                                                                Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.                                                                                                          
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 12,3% artaraq 136 milyon 952 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 13,9% azalaraq, 314 milyon 878 min manat, aksizlər üzrə daxilolmalar 24,7% artaraq 18 milyon 507 min manat, yol vergisi üzrə daxilolmalar isə 23,7% azalaraq 3 milyon 392 min manat olub.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, ötən ilin eyni dövrü ilə  müqayisədə gömrük  daxilolmalarının azalmasının əsas səbəbi  idxal həcmlərinin yüksək olmasından qaynaqlanır:
"Çünki gömrük daxilolmalarında başlıca faktor idxalın həcmidir. Təbii ki, burada müəyyən rüsumların göstəriciləri də mühüm rol oynayır. Hazırkı vəziyyətdə bu il birbaşa idxalda olan fərqliliklər büdcə daxil olmalarınız azalmasına gətirib çıxarıb".

İqtisadçı ekspert, Natiq Cəfərli isə söyləyib ki, bu zaman azalmanın tendensiyasına baxmaq lazımdır:
"Əgər ard-arda prosses davam edəcəksə, bunun səbəbləri barədə data analizə müraciət olunmalıdır. Ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi xaricdən gətirilən malların da azalmasına səbəb olur. Yəni məhsul idxalı zəif olduqda, daxilolmalar aşağı enir".