Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim və milli bayramlardan biridir. Bunu kreativ,mədəni biznesin bir hissəsinə çevirmək olar. Azərbaycanda digər ölkələrdəki kimi karnavallar təşkil oluna və daha çox xarici vətandaş toplayaraq iqtisadiyyata xeyir vermək mümkündür.Sual ortaya çıxır. Milli bayramımızı tanıtmaq və daha çox turist cəlb etmək üçün hansı tədbirlərə ehtiyac var?
Məsələni dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, Azərbaycanın turist cəlb etmək istəyi yoxdur:
"Novruz bayramında ölkəyə ən böyük turist bazası İrandan gəlir. Quru sərhədlər isə bağlıdır. Azərbaycanın turizm siyasəti fraqmentaldır və türistləri uzaqlaşdırmağa yönəlib. Azərbaycanı Paris hesab edən Cənubi azərbaycanlılardır. Onları isə ölkəyə buraxılmaması üçün əlindən gələni edirlər. Bu baxımdan turizm siyasətinin sərbəstləşdirilməsinə ehtiyac var. Məsələn, Türkiyə turistlik üçün mükəmməl məkandır. Pandemiyada bir ay məhdudiyyətlər qoyuldu. Turistləri cəlb etmək üçün əsas amil vizaların ləğvidir. Turistlik ölkələrin heç birində vizalar yoxdur. Ölkəmiz üçün turizmin inkişafı vacib şərtlərdəndir. Lakin ölkədə turistlərin daha çox cəlb olunması üçün əhəmiyyətli kompleks tədbirlər görülmür".
Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev isə söyləyib ki, uzunmüddətli strategiya əsaslanaraq Azərbaycan iqtisadiyyatına, turizminə töhvə verən işlər üzərində çalışırıq:
"Əsasən də aqroturizm, ekoturizm, sağlamlıq turizminə fokuslanırıq. Xüsusi ilə koronovirus pandemiyasından sonra insan sağlamlığının böyük əhəmiyyətə malik olduğunu bir daha sübut etdi. Regionlara sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və artırmaq üçün fermerlərə dəstək olunur və təlimlərə cəlb edilir. Bloqerlər, turizm şirkəti nümayəndələri, mətbuat işçilərinin səfərləri təşkil olunaraq turistlər toplanılır. Paytaxta nisbətən regionlarda bayram əhval-ruhiyyəsi daha çox hiss edilir. Çünki regionlarda festivallar qurulur. Həmçinin, tonqal qalamaq, bayram şirniyyatlarının bişirilməsi bir növ masterklass hesab olunur. Turistlər burada iştirak edə bilərlər. Yaxud da kənd məhsullarının həmin festivallarda satılmasını, müxtəlif oyunların nümayişini təşkil etmək olar. Bu istiqamətdə dövlət səviyyəsində tədbirlər görülür ".
Ekspert v urğulayıb ki, paytaxtda Mart ayından başlayaraq, yaya doğru çoxlu turist axını yaranacaq:
"Hindistan və Türkiyədən xeyli qonaq gələcək. Daha çox turist cəlb etmək və milli bayramımızı tanıtmaq məqsədi ilə dövlət səviyyəsində geniş miqyaslı tədbirlərə ehtiyac var. Xarici ölkələrin səfirlərini, konsulları, mədəniyyət xadimlərini influnserləri dəvət etmək lazımdır ki, bu gözəllikləri, adət-ənənələrimizi paylaşaraq kütləvi axının yaranmasına kömək olsunlar".