Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə İşçi Qrup fəaliyyət göstərir.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Trend-ə bildirib ki, İşçi Qrupun hazırladığı təkliflər əsasında həyata keçirilən tədbirlər nəticəsində ölkədə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişlənib. "Stimullaşdırıcı tədbirlərin sayəsində, xüsusilə elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. 2023-cü ildə ölkəyə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib. Bu müsbət tendensiyanın növbəti illərdə də davam etməsi üçün ardıcıl olaraq tədbirlər görülür", - o qeyd edib.
Elektromobillərin üstünlüyündən danışan nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a bildirib ki, dünyada yaşıl iqtisadiyyata keçid prossesi gedir:
"Azərbaycan da yaşıl enerjiyə sərmayə qoyan ölkələr sırasındadır. Elektrik mühərrikli avtomobillərin idxal tempinin artması bu istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Azərbaycana idxal olunan elektromobillərin gömrük rüsumunun aksiz vergisindən azad olunması bazarda qiymətlərin enməsinə şərait yaradır. Bu istiqamətdə biznesmenlərin, avtomobil idxalçılarının, alıcıların iqtisadi maraqlarında təminat var. Elektromobillər ekoloji cəhətdən kifayyət qədər böyük əhəmiyyətə malikdir. Məqsəd ondan ibarətdir ki, ekologiyanı qorumaq üçün uyğun vasitələrə keçid edək. İstər benzin, istərsə də, dizellə hərəkətə gətirilən mühərriklər atmosferi çirkləndirir və ciddi böhranlar yaradır. Bu baxımdan elektromobillər böyük üstünlüyə malikdir".