Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Xatırladaq ki, daha əvvəl xüsusi karantin rejiminin müddəti 2 aprelədək nəzərdə tutulmuşdu.
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında bildirib ki, quru sərhədləri açılmalıdır:
"Hazırda dünyanın heç bir yerində karantin rejimi yoxdur. Hətta, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı bütün protokolları və tövsiyyələri ləğv edib. Azərbaycanın karantin rejiminə əsaslanaraq quru sərhədlərini bağlı saxlaması ölkəmiz adına yaxşı bir addım deyil. Bu ölkə iqtisadiyyatına və turizmə böyük ziyan vurur. Azərbaycan iqtisadiyyatı keçən il MDB-də ən aşağı göstəricilər sırasında qərarlaşıb. Ümumdaxili məhsul isə 1 faiz civarında artıb. Bunun əsas səbəblərindən biri də quru sərhədlərin bağlı qalmasıdır. Əlavə olaraq 2023-cü ilə nisbətdə 2019-cu ildə ölkəyə 2 dəfədən çox turist gəlib və onların xərclədikləri pul dəfələrlə çox idi. Bu da onu deməyə əsas verir ki, karantin rejiminin uzadılması iqtisadiyyata külli miqdarda zərər verir".