2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili, 149 ədəd isə yük avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsin xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 25.9%, yük avtomobili istehsalı isə 33% artıb.
Qeyd edək ki, cari ilin mart ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 232 ədəd minik, 64 ədəd isə yük avtomobili təşkil edib.
Nəqliyyat eksperti Aslan Əsədov “Sherg.az”a vurğulayıb ki, ölkədə istehsal olunan avtomobillərhələlik tələbatı ödəmir:
“Azərbaycanda istehsal olunan avtomobillərin sayı çox olmalıdır ki, pay etibarı ilə müəyyən çəkisi olsun. Ölkədə istehsal olunan avtomobillərin sayında ciddi artımların olacağı və bu prosesə doğru addımlar atılmağı gözlənilir. Həmçinin Dünya avtomobil sənayesində bir neçə dövlətlərin iştirakı və onların bu proseslərə cəlb olunması nəticəsində rəqabətə davamlı avtomobil sənayesi xeyli inkişaf edir. Bu ilin əvvəlində istehsal olunan avtomobilin keyfiyyəti və dizaynı ilin sonunda yaxud, gələn ilin eyni rübündə olan avtomobillərdən fərqlənir. Yəni yüksək innovativ yeniliklərə söykənən müasir sistem qurulur. Bu sistemlərin ölkəmizə sirayət etməsi vacibdir. Bu gələcəkdə də gözlənilən addımlardan biridir”.