Məqsəd artıq yaşıl enerjidir: Çox qlobal layihələrə Azərbaycanın imza atdığı görünür

Azərbaycan gələcəkdə yaşıl enerji əsasında istehsal etdiyi elektrik enerjisini də xaricə ixrac edəcək


"Şərqi Zəngəzurun bir çox aspektdən bizim üçün önəmi var. Birinci siyasi əhəmiyyəti ondadır ki, bu layihə Azərbaycanı Türkiyə ilə birləşdirəcək əsas yollardan biridir".

 Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. 

Deputat bildirib ki, nəinki Azərbaycanı, həm də burada Orta Dəhliz və digər layihələr baxımından da Şərqi Zəngəzurun xüsusi əhəmiyyəti var:
"Bu gün qlobal güclər, müxtəlif dəhlizlər üzərində düşünürlər. Şərqi Zəngəzur Asiya ilə Avropanın birləşməsinə öz töhfəsini verə bilər. Xüsusilə, yüklərin sürətli daşınması, daha ucuz başa gəlməsi baxımından xüsusi önəm daşıyan bir layihədir. 
Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yaşıl enerjiyə üstünlük verir. Gələcək plan işğaldan azad edilmiş ərazilərdə istehsal olunan yaşıl enerjinin xaricə ixrac olunmasıdır. Hətta enerjinin Türkiyə vasitəsilə Avropaya ixracı məsələsi də gündəmdədir. Cənab Prezident Qarabağ və Şərqi Zəngəzurda təxminən 30-a yaxın elektrik stansiyası üzərində işlərin yekunlaşdığını dedi. Bu ərazilərdə mərkəzləşdirilmiş enerji paylayıcıları mərkəzi yaradılıb və sistemləri qurulub. Bütün bunlar gələcəyə hesablanmış olduqca önəmli addımlardır".

Parlament üzvü vurğulayıb ki, yaşıl enerji məsələsi cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın son illər həyata keçirdiyi önəmli layihələrdən biridir: 
"Azərbaycan bu prosesdə mühim rol oynayır. Məqsəd artıq yaşıl enerjidir. Çox qlobal layihələrə Azərbaycanın imza atdığını görürük. Cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın çox zəngin, böyük günəş enerjisi, külək enerjisi potensialı var. Artıq bildiyimiz kimi Qaradağda və digər ərazilərdə bu istiqamətdə çox ciddi layihələr həyata keçirilir. Bu həm də ekoloji baxımdan önəmlidir. Burada ən vacib məsələ isə getdikcə dünyamızda daha çox elektrik enerjisinə tələbat olacaq. Azərbaycan dəniz vasitəsilə bu enerjinin ixracını planlaşdırır. Bu həm ekoloji, həm xərclər, həm də ölkəmizə əlavə vəsaitlərin cəlbi baxımından olduqca önəmli bir məsələdir. Bu gün biz neft-qaz ixracından vəsait qazanırıq. Gələcəkdə yaşıl enerji əsasında Azərbaycanın istehsal etdiyi elektrik enerjisini də biz artıq xaricə ixrac edəcəyik".