İqtisadçı -Azərbaycanda manatın məzənnəsi dollara əsasən müəyyən edilir

Son və rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi artaraq 1.8507 manat, 1 Rusiya rublunun məzənnəsi ucuzlaşaraq 0.0182 manat, 1 Türkiyə lirəsinin məzənnəsi ucuzlaşaraq 0.0526 manat təşkil edib.
Bundan başqa, 100 İran rialının məzənnəsi sabit qalaraq 0.0040 manat, 1 Gürcüstan larisinin məzənnəsi azalaraq 0.6274 manat olub.

İqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, Azərbaycanda manatın məzənnəsi dollara əsasən müəyyən edilir:

“Azərbaycan manatının məzənnəsi dolların ayrı-ayrı valyutalara görə olan məzənnəsi ilə hesablanır. Yəni bizdə türk lirəsi, rus rublu və avronun məzənnəsi ayrı hesablanmır. Çünki qiymətli kağızlar bazarı və valyuta birjası yoxdur. Rəsmi şəkildə dollar-manat məzənnəsi müəyyənləşdirilir. Dünyada dolların valyutalara qarşı enməsindən və qalxmasından asılı olaraq manat ilə məzənnəsi tənzimlənir. Ümumiyyətlə son vaxtlar avro dollar qarşısında biraz bahalaşıb. Ona görə də Azərbaycanda manat ilə məzənnəsində dəyişiklik baş verib”.