2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 6949,8 ton duru bitki yağı istehsal edilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.6% və ya 1786.5 ton çoxdur. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 5163,3 ton duru bitki yağı istehsal edilib.
Qeyd edək ki, 2024-cü il mart ayının 1-nə Azərbaycanda hazır duru bitki yağı ehtiyyatı 4321.6 ton təşkil edib.
İqtisadçı - ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridə duru bitki yağlarıdır:
“Ənənəvi olaraq Azərbaycan yeməklərində duru yağlardan istifadə edilir. Daha öncəyə qədər Azərbaycan daxili qaydada həm bu məhsulları istehsal edir, həm də Türkiyədə, Belarusiya, Ukrayna və Rusiyadan idxal edirdi. ,Çünki ölkədə tələbatı ödəmək üçün idxal zərurəti var idi. 2021 ci ildə Rusiya və Ukrayna arasında müharibə başlayandan sonra isə bazarın həmin istiqamətindən daxil olan seqmentləri boş qalmışdı. Məhsulu digər tədarükçü ölkələrdən idxal etmək və yaxud daxildə istehsal etmək lazım idi. Bu hal onu göstərir ki, Azərbaycandakı yağ tədarükçüləri daxildə onu istehsal etməyə üz tutublar”.