Cənub bölgəsində bayram süfrəsinin əsas nemətlərindən olan balığın qiyməti artıb.
Alıcılar deyir ki, mart ayının ilk günlərindən qiymətlərdə artım müşahidə olunur.
Satıcılar isə bildirir ki, qiymətlər balığın çeşidlərinə görə dəyişir.
Piştaxtalarda kiloqramı 2 manatdan 30 manata qədər balıq var. Əsasən çərşənbənin rəmzinə çevrilmiş kütüm balığının qiymətində də artım müşahidə olunur.
İqtisadçı-ekspert Eyyub Kərimli "Sherg.az"a bildirib ki, bayram öncəsi sahibkarlarlıq fəlsəfəsindən uzaq olan işbazlar tələbin artmasından sui-istifadə edərək qiymətləri qaldırırlar:
“Statistik rəqəmlər onu göstərir ki, ət, düyü, tərəvəzlərdən bəziləri, ekzotik meyvələr və balığın qiymətində ötən il illə müqayisədə artım var. Bu məsələnin qarşısını almaq üçün iqtisadiyyatda liberal rəqabətlilik böyüməlidir. Ümumiyyətlə süni qiymət artımının qarşısını almaq üçün bayram günlərində təklifin çoxalmasına ehtiyyac var. Balıq məhsulları əsasən İrandan və Dağıstandan idxal olunur. Mart ayı balıq mövsümünün pik həddidir. Yayda qiymətin enməsini müşahidə edəcəyik. Aprelin 15-nə kimi qiymətlərdə müəyyən fərqlilik olacaq. Bəzi işbazlar isə suni qiymət artımına üz tuturlar. Ümumiyyətlə həm manapolya qiymət artımına təsir göstərir. Bunun qarşısını almaq üçün isə rəqabət mühitinin yaradılmasına ehtiyac var”.