Zəruri ərzaq məhsullarının qiymətinə nəzarət olmalıdır
Çörək, yumurta, şəkər tozu, qənd, kərə yağı, ət məhsulları əhalinin əsas istehlak səbətini təşkil edir
Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycandan 25,3 milyon ədəd yumurta idxal edilib. “Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. Türkiyədən də Rusiyaya 12,3 milyon ədəd yumurta tədarük olunub. Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) məlumatına görə, bu ilin əvvəlindən ölkədə toyuq yumurtası 3,47 faiz ucuzlaşıb. Qeyd edək ki, Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə göndərilib.
İndi məlum olur ki, niyə bizdə yumurtanın qiyməti bahalaşıb. Xatırladaq ki, yumurtanın qiyməti məhz ötən ilin dekabrından bahalaşdı. Rusiyaya ixrac başlanandan. Adi broyler yumurtasının qiyməti 17-18 qəpiyə, “kənd yumurtası” adı altında satışa çıxarılanlarsa 20-22 qəpik oldu. Deməli, Rusiyaya yumurta ixrac ediləndən orada qiymət düşüb, bizdə isə əksinə, qiymət qalxıb. Hazırda yumurtanın qiymətində dəyişiklik yoxdur. Yenə də 18-22 qəpik arasında dəyişir. Amma qiymət artımı zamanı yumurta istehsalçıları ixrac amilini ciddi-cəhdlə ört-basdır etməyə çalışırdılar. Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası qiymət artımını inkar edərək "bəyan edirik ki, nəinki son günlərdə, hətta son aylarda birliyimizdə təmsil olunan yumurta istehsalçılarının heç biri tərəfindən yumurtanın müəssisədən çıxış qiymətində artım edilməyib”, bəyanatını vermişdi. Hətta qurum satış şəbəkələrinə də xəbərdarlıq edirdi ki, süni qiymət artımına getməklə ajiotaj yaratmasınlar. Yumurta istehsalında əhalinin tələbatını ödəyəcək həcmdən daha artıq istehsal var və hər hansı çatışmazlıq mövcud deyil. Çatışmazlıq mövcud deyil, amma qiymət də enmir. Maraqlıdır, idxaldan asılı qalan Rusiyada yumurtanın qiyməti enir, idxaldan asılı olmayan, yerli istehsalın yetərincə olduğu iddia edilən ölkəmizdə isə qiymət enmir, əksinə, daha da yüksəlir.
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qiymət artımının əsas səbəbi inhisarçılıqdır:
- İstehsalçı konkret bildirir ki, istehsal qiymətində artım yoxdur, yerli istehsal tələbatı qarşılayacaq səviyyədədir. Amma sahibkarlar qiymətlə manipulyasiya edir. Hazırda yumurta istehsalı ilə bağlı çətinlik yaşanmır, ixrac amili olsa belə, yerli istehsal tələbatı ödəyir. Qiymət artımı varsa və ya qiymətdə enmə yoxdursa, bunun səbəbini topdansatış mərkəzlərində axtarmaq lazımdır. Topdansatış mərkəzləri öz aralarında danışıqlara gedir, razılığa gəlirlər ki, filan məhsulu satış mərkəzlərinə, marketlərə filan qiymətə sataq. Marketlər də məcburdur, əvvəlkindən fərqli qiymətə aldıqları məhsulu artıq fərqli qiymətə satışa çıxarsınlar. Bu, birbaşa inhisarçılıqdır. Bayram günlərində bəlli məhsullara tələbat artır. İnhisarçılar da bundan yararlanmağa çalışırlar. Bu şəxslər məsuliyyətə cəlb olunmalıdır. Çörək, yumurta, şəkər tozu, qənd, kərə yağı, ət məhsulları əhalinin əsas istehlak səbətini təşkil edir. Bu ərzaq məhsullarının qiymətinə nəzarət olmalıdır ki, narazılıq yaranmasın.