Ötən illərlə müqayisədə aviabiletlər ucuzlaşıb, amma yay ayları üçün olan tur-səyahət qiymətləri bahalaşıb.
Turizm üzrə ekspert Rəhman Quliyev ötən il Türkiyə şəhərlərinə gediş-gəliş qiyməti 750-800 manat olan aviabiletlərin indi 450-550 manat arasında dəyişdiyini bildirib.
Bununla belə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tur-səyahət bahalaşır. Turistlər əsasən yeddi gecə, səkkiz günlük paketlərə üstünlük verirlər. Ötən il ilə müqayisədə indi qiymətlər artıb.
Bahalaşma Gürcüstan istiqamətində təklif edilən tur-səyahətdə də müşahidə edilir.
Ekspert qeyd edib ki, yay aylarına doğru tələb çox olacağından aviabilet qiymətlərində bahalaşma ola bilər.
İqtisadçı - ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, hər hansı bir məhsul xidmətinin yekun qiymətini formalaşdıran onun ərsəyə gətirilməsinə çəkilən xərclərdir:
“Azərbaycan Hava Yolları tərəfindən təqdim olunan biletlərin qiymətinin yüksək olması insanlarda çaşqınlıq yaradır. Bu təşkilat dövlətdən dotasiya alan təşkilatlardan biridir. Administrativ xərclərin yüksək olduğunu düşünürdüm. Diqqət yetirirsinizsə, son dövrdə AHY-nin rəhbəri dəyişdikdən sonra qiymətlərdə nisbətən ucuzlaşma müşahidə olunur. Yekun qiymətin ərsəyə gəlməsində çəkilən xərclər yüksəkdir. Qiymətlərin aşağı düşməsində müəyyən addımlar atılıb. Yay aylarında insanlar məzuniyyət dönəmində olduğu üçün xüsusilə də xarici ölkələrə səyahət edirlər. Buna görə də, biletlərdə bahalaşma müşahidə olunur. Belə hallarda tələb artdıqca qiymətlərdə də artım baş verir. Keçən ilin cari dövrü ilə müqayisədə ucuzlaşma baş verib. Qiymətin aşağı olmasının müsbət cəhəti ondan ibarətdir ki, orta statistik Azərbaycan vətəndaşı şəxsi büdcəsindən istifadə edən zaman qənaət edir. Düşünürəm ki, qiymətlərdə dəbahalaşma bir mənalı olaraq qaçınılmazdır”.