Çin Azərbaycanın ən böyük ticarət partnyorlarından biridir -EKSPERT

Çin Azərbaycanın mühüm və qarşılıqlı ticarət dövriyyəsi artmaqda davam edən ticarət tərəfdaşıdır.
 Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində deyib.
“Ötən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dollarını ötüb. Ticarət dövriyyəsində ikirəqəmli artım qeydə alınıb və bu, davam edir. Bizim Çində daimi ticarət nümayəndəliyimiz fəaliyyət göstərir. Bir sıra Çin şirkətləri Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirir. Onlar bərpa olunan enerji sahəsində, sənaye istehsalı sahəsindədir, eyni zamanda sənaye parkları çərçivəsində də əməkdaşlıq qurulub”, - nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, bütün bunların əsasında mükəmməl siyasi əlaqələr dayanır: “Azərbaycan “vahid Çin” siyasətini dəstəkləyir və bu, münasibətlərimizdə çox möhkəm təməldir”.

 "Sherg.az"a Azərbaycan-Çin tərəfdaşlığının əhəmiyyətindən danışan iqtisadçı, ekspert Xalid Kərimli bildirib ki, Çin Azərbaycanın ən böyük ticarət partnyorlarından biridir:            
                         
" Ölkə idxalında Çin ilk üçlükdə qərarlaşır. Dövlətimizin ixracat sturukturuna baxsaq, əsas neft-qaz satışı təşkil olunur. Ərzaq məhsulları satıla bilər, lakin bazar formalaşmayıb və lagostik imkanlar mövcud deyil. Çin dünyanın istehsal mərkəzidir. Ona görə də bura hazır məhsul satmaq imkanımız məhduddur. Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirmək istəyir ki, Çindən gələn mallar orta dəhliz vasitəsi ilə Azərbaycana daxil olsun. Sözügedən sahədə Çinin dəstəyi bizə gərəklidir. Bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi vətəndaşlarımız oradan daha ucuz məhsul ala bilmələrinə  şərait yaradacaq. Azərbaycanın Çinə nə isə ixrac edəcəyi qeyri-realdır. Çünki insan, texnologiya və kapital gücündə Çinlə yarışmaq mümkün deyil".