Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib. "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Proqnozlaşdırılan inflyasiyanın hədəfdə qalmasını nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət edir. Faiz dəhlizinin bu parametrləri müəyyən edilərkən onların banklararası pul bazarındakı faizlərə təsir miqyası da nəzərə alınıb", - deyə AMB bəyan edib. Bu qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar mayın 1-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
Mərkəzi Bankın qərarından sonra kredit faizləri azala bilər?
Məsələni dəyərləndirən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında bildirib ki, iqtisadi nəzəriyyəyə əsasən Mərkəzi Bank uçot dərəcəsini azaldırsa, kredit faizləri azaldılmalıdır:
"Belə ki, Mərkəzi Bankın uçot dərəcəsi onun banklara verdiyi kreditin faiz dərəcəsi ilə müəyyənləşir. Bu səbəbdən banklar da ucuz kredit verməlidirlər. Lakin Azərbaycanda bu sistem işləmir. Ümumiyyətlə, uçot dərəcəsi Mərkəzi Bankın əlində inflansiya ilə mübarizə alətidir. Qiymət artımı baş verdikdə Mərkəzi Bank uçot dərəcəsini artırır ki, vətəndaşlar az kredit götürsünlər və nağd kredit bahalaşsın. Bununla da qiymət artımının qarşısı alınsın və dövriyyədə pul həcmi azalsın. İnflyasiya təhlükəsi yoxdursa, iqtisadi aktivliyi stimullaşdırmaq mümkündür. Mərkəzi Bank bir neçə aydır ki, uçot dərəcəsini azaldır. Lakin, heç bir təsiri yoxdur. Niyə? Birincisi, ölkədə məhsulların çoxu xaricdən alınır. Buna görə də, qiymətlərdə heç bir dəyişiklik olmur. Yerli istehsal yox səviyyəsində olduğu üçün xaricdən alınan qiymətlər mühümdür. Bankların da Mərkəzi bankdan kredit götürməsi elə də asan deyil. Xüsusi ilə bankın indiki rəhbəri əvvəlkindən fərqli olaraq, qaydaları sərtləşdirib. O demək deyil ki, inkişaf etmiş ölkələr Mərkəzi Bankdan kredit götürürlər. Sadəcə olaraq bu bir mesajdır. Normal bazar iqtisadiyyatında sistem işləyir, ancaq bizim ölkədə yox. Ona görə ki, Azərbaycanda bankların əsas maliyyə mənbəyi Mərkəzi Bankın kreditləri deyil, əmanətlər və faizlərdir. Əmanətlər üzrə faizlər enmədiyi təqdirdə kredit faizlərində azalma olacağı gözlənilmir".