Tütün istehsalında hansı yeniliklər olub?-ŞƏRH

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Dəyişikliklər kənd təsərrüfatının inkişafına, yerli istehsalın artırılmasına hesablanıb
 
 Sahibkarlığın inkişafı istiqamətində son zamanlar uğurlu islahatlar həyata keçirilir. Sahibkarlıq subyektlərinin bazar istisadiyyatı şəraitində sərbəst fəaliyyəti, yerli istehsalın artırılması və idxaldan asılılığın minimuma endirilməsi Azərbaycan dövlətinin prioritetlərinə daxildir. Həyata keçirilən islahatlar da bu məqsədə xidmət edir. Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında sahibkarlıq subyektlərini maraqlandıracaq, onlara yönəlik bir sıra məsələlər müzakirəyə çıxarılıb və mövcud qanunlara bəzi dəyişikliklər edilib. Bunlardan biri tütün məmulatlarının idxalı və istehsalını həyata keçirən sahibkarların Reyestrinin yaradılmasıdır. Bu,  “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması qaydasını və Reyestrin əsasnaməsini müəyyənləşdirmək təklif edilir. Sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilir və həmin subyektlərə Reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış verilir. Reyestrdən çıxarışın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir. Qeydiyyata alınmadan tütün məmulatının idxalı və istehsalı fəaliyyətinin həyata keçirilməsinə, o cümlədən bu fəaliyyət üzrə bu Qanunun 10.2-ci və 10.3-cü maddələrində nəzərdə tutulan qeydiyyat şərtlərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Tütün məmulatlarının istehsalı ilə bağlı 34 milyon şərtində tütün məmulatlarının istehsalı üçün tələb olunan avadanlıqların bazar qiyməti burada nəzərə alınıb. Bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib. S.Musayeva bildirib ki, yerli tütün məmulatlarının istehsalı yerli bazarın tələblərinə cavab verməsi və idxalın tənzimlənməsinə zərurət yaranıb. “Ona görə də ən az ölkə ərazisində bir il fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbi qoyulub. Yerli tütünçülüyün inkişafı bu layihə ilə hədəflənir. Tütün məmulatlarının tərkibində 2024-cü ildən başlayaraq 2030-cu ilədək yerli xammalın həcminin artırılması hədəflənir. Keyfiyyətli tütün məmulatlarının istehsalına şərait yaradacaq keyfiyyətli tütün xammalı istehsalı hədəflənir. Tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 30-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulur. Bu da yerli bazarın qorunması ilə bağlı məqsədlərə xidmət etmiş olacaq”, - deyə o əlavə edib. Qanun layihəsində qeyd edilir ki, təklif olunan dəyişikliklər ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcəkdir. Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaqdır. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaqdır. Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikada tütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalq standartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsal olunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbinin mərhələli şəkildə artırılması təklif olunub. Bu məqsədlə yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaqdır. Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsi məqsədilə yerli tütünün alınması məqsədilə faizlərə uyğun çəkilər müəyyən edilib. Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün yeni rüsum müəyyən edilir. Bu, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək.  

 Yenilikləri “Sherg.az”a şərh edən iqtisadçı Fuad İbrahimov dəyişikliklərin kənd təsərrüfatının inkişafına, yerli istehsalın artırılmasına hesablandığını dedi:
- Diqqət çəkən əsas yenilik tütün və tütün məmulatlarının istehsalında yerli xammaldan istifadənin miqdarını artırmaqla bağlıdır ki, zənnimcə, bu, kənd təsərrüfatının inkişafına xidmət edəcək amildir. Eyni zamanda sahibkarlıq subyektlərinin də inkişafını da şərtləndirəcək. Yerli xammal istehsalçısı yerli sahibkarlıq subyektləri olmalıdır. Bu halda hərtərəfli qazanc əldə olunacaq. Həm ümumilikdə iqtisadiyyat güclənəcək, həm də fərdi təsərrüfatlar. Mövcud qanunlara təklif edilən son dəyişikliklər məqsədyönlüdür. Alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı da icazə sistemi təkmilləşdirilir. Aqrar siyasət komitəsinin iclasında müzakirə edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklik layihəsində qeyd edilir ki, icazə sisteminin təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətədözümlü investisiya mühitinin formalaşmasına və istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına xidmət edəcəkdir. İstehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir. Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini məhdudlaşdıracaq.
 
F.İbrahimov bildirdi ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa görə, 2032-ci il yanvarın 1-dək alkoqollu içki növü olan arağın illik minimum istehsal həcmi hər il artırılması və 2030-2031-ci ilədək həcmin 80 min dekalitrə çatdırılması təklif olunur:
- Amma məlumdur ki, ölkəmizdə spirtli içkilərə tələbat, məsələn, Rusiya və başqa ölkələrdəki qədər deyil. İclasda Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, alkoqollu içkilərin illik istehsalı üçün təklif edilən 60 min dekalitrə həcmi çoxdur. Və bu təklifin bir əsaslandırılması olmalıdır: “Qeyd edim ki, qanun layihəsi mütəxəssislər tərəfindən hazırlanıb. Bəzi ölkələr var ki, onların içkiyə olan tələbatı çoxdur. Amma Azərbaycan içkiyə bu qədər tələbatlı deyil. Bizdə keçən il 6396 ton tütün istehsal olunub. Biz istehsalı artırmaq və onu xarici bazara çıxarmaq istəyirik. Alkoqol və tütün insan səhhəti üçün ziyanlıdır. Biz yalnız alkoqollu içkilər üçün 60 min dekalitrə həcmini xarici bazara çıxartmaqdan ötrü artıra bilərik”. Hesab edirəm ki, millət vəkilinin təklifi nəzərə alınmalıdır və ölkədə tütün və alkoqollu içki istehsalı böyük həcmdə yalnız ixrac üçün nəzərdə tutulmalıdır. Bununla sahibkarlıq subyektlərinin inkişafı ləngiməz, eyni zamanda vətəndaşlarımız da zərərli məhsullara daha az meyilli olar.