Azərbaycanın iqtisadi inkişafı beynəlxalq reytinq agentliklərinin diqqət mərkəzindədir
Beynəlxalq Valyuta Fondunun Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsi kimi bəyan etməsi ölkəmizin qüdrətinin daha bir təsdiqidir. Təbii ki Azərbaycanın nail olduğu siyasi-ictimai sabitlik, iqtisadi dayanıqlığa söykənən inkişafın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu.
1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında 13 iri neft şirkəti - ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoyl, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoyl, ITOCHU, Ramco, Delta – arasında “Əsrin müqaviləsi” imzalandı. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. Və ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan iqtisadi yüksəlişə və sabitliyə nail oldu. Və regionda söz sahibinə çevrildi. Ulu öndərin siyasətini ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyev də təməli qoyulmuş iqtisadi inkişafı dayanıqlı etdi. Məhz bu dayanıqlığın nəticədidir ki, Azərbaycan xarici investorlar üçün etibarlı ölkədir. İnvestorlar Azərbaycana yatırım qoymaqdan çəkinmir, irihəcmli layihələri icra etmək üçün bura üz tuturlar. Azərbaycanın iştirak etdiyi layihələr Avropanı enerji ilə təmin edir. Bunlar Şahdəniz-2, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələridir. Doğma Qarabağın işğaldan azad edilməsiylə investisiya qoyuluşu imkanları daha da artıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında həm iqtisadi, həm də sosial layihələrin icrası üçün imkanlar genişdir. Bu fakt xarici investorları Azərbaycana cəlb edir.
İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Azərbaycanda xarici investisiyaların ölkəyə cəlb olunması üçün müvafiq siyasət həyata keçirilir:
- Bu siyasətin məğzi ondan ibarətdir ki, ölkəyə xarici sərmayə cəlb olunsun. Xüsusən də qeyri-neft-qaz sektoruna. Bilirsiniz ki, Azərbaycanın bugünki səviyyəyə gəlib çıxmasında, iqtisadiyyatımızda hazırkı yüksəlişin əldə olunmasında, dövlətimizin çox böyük valyuta ehtiyatlarına malik olmasında və ümumiyyətlə regionda qüdrətli ölkəyə çevrilməsində ümummilli lider Heydər Əliyevin təşəbüsü ilə imzalanan “Əsrin müqaviləsi” mühüm rol oynadı. O dövrdə Azərbaycan iqtisadiyyatı dağılmış vəziyyətdə idi, hətta dövlət büdcəsinin icrası üçün də beynəlxaq maliyyə qurumlarından asılı vəziyətdə idik. Ulu öndər Heydər Əliyev uzaqgörən siyasət yürüdərək Azərbaycanın neft sektoruna xarici investorları cəlb elədi və “Əsrin müqaviləsi”nin imzalanmasıyla ölkəyə ilk xarici sərmayələrin daxil olmasına şərait yaratdı. Azərbaycana xarici valyuta axmağa başladı və ölkəmiz hazırkı iqtisadi inkişaf səviyyəsinə çatdı. Elə bir vəziyyət yaranıb ki vaxtilə biz borc alırdıq, indi isə digər ölkələrə sərmayə yatırırıq. Azərbaycanın maliyyə imkanlarının hansı səviyyədə olduğunu bilirlər və maliyyə köməyi üçün bizdən xahiş edirlər. İndi qarşıda duran əsas vəzifə qeyri-neft-qaz sektorunu inkişaf etdirməkdir. Bunun üçün də xarici investisiyanın cəlbi vacib hesab edilir və buna lazımi şərait, əlverişli mühit yaradılır. Bu da investorların , beynəlxalq reytinq agentliklərinin diqət mərkəzindədir. Onlar bunu qiymətləndirməyə bilməz. Azərbaycanın malik olduğu maliyyə imkanları da onun stabil, iqtisadi dayanıqlı ölkə hesab edilməsi üçün tutarlı əsasdır. Bununla cəlbediciliyimiz daha da artır. Bu mənada BVF-nin və digər ölkələrin maliyyə qurumlarının belə müsbət rəylərlə çıxış etməsi xarici investorların ölkəyə daha inamlı gəlişi üçün əhəmiyyət kəsb edir. Əgər biz qeyri-neft-qaz sektorunda daha çox xarici investorların cəlbinə nail olsaq, bu, böyük nailiyyətlər əldə etməyimizlə nəticələnəcək.