Ya idxaldakı inhisarçılığı aradan qaldırmalıyıq, ya da idxal rüsumlarında müəyyən vergi güzəştlərinin tətbiqinə nail olmalıyıq
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb. Bununla yanaşı, iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.
Pediatr Vaqif Qarayev isə məlum dəyişikliyin səhiyyə, konkret olaraq dərman preparatlarının idxalına tətbiq edilməsini də arzulayır. Sosial şəbəkədə paylaşım edən həkim fikrini belə izah edib:
" Türkiyə mallarına ikiqat vergi tutumu ləğv edilib, geyimə-filana görə. Olsun, yaxşı qərardı. Amma bu qərar dərman preparatlarına da tətbiq edilsəydi kaş. Pis geyinməkdən heç nə olmaz, həyat davam edəcək. Lazımi dərmanları ala bilməyəndə isə həyat istədiyimiz kimi davam etmir, təəssüf ki!".
“Sherg.az"a danışan iqtisadçı Pərviz Heydərov iki məsələnin eyniləşdirilməsini düzgün saymadığını bildirdi:
" Bəzi mal və məhsulların ikiqat vergitutmadan azad edilməsinin dərman preparatlarının idxalına da şamil edilməsini eyniləşdirmək düzgün deyil. Bunlar fərqli məsələlərdir. Əlbəttə, müəyyən dərman preparatları üzrə vergi güzəştlərinin tətbiqi mümkündür və hətta zəruridir. Amma vergi güzəştləri tətbiq ediləcək dərman çeşidlərini Səhiyyə Nazirliyi, TƏBİB müəyyənləşdirməlidir. Ölkədə icbari tibbi sığorta mexanizmi fəaliyyət göstərir. Üstəlik, dərman preparatlarının idxalına da vergi güzəştləri tətbiq etmək nə dərəcədə uyğun olar, bunu izah etməyə çətinlik çəkirəm. Bu məsələyə xüsusi yanaşma tələb olunur, bunu hökumət üzvləri, parlament müzakirə etməlidir".
P.Heydərov qeyd etdi ki, ölkəyə hazırda bir çox istiqamətlərdən dərman preparatları idxal olunur. Sovet dövründə Azərbaycanda dərman istehsalı ənənəsi vardı, amma sonra bu, aradan qalxdı. İndi həmin ənənənin yenidən bərpa edilməsinə çalışılır:
"Azərbaycanla müxtəlif ölkələrin dərman istehsalçısı bir sıra şirkətləri arasında birgə istehsalla bağlı müqavilələr imzalanıb. Bu, bizə imkan verəcək ki, ölkədə dərman istehsalı genişlənsin. Belə olarsa, idxaldan asılılıq müəyyən qədər azalacaq. Amma bütün dərman preparatlarını ölkədə istehsal etmək mümkün olmadığı üçün idxaldan asılılıq həmişə olacaq. Məsələ, idxaldan asılılığı nə dərəcədə azaltmaqdadır. Dərman preparatlarının qiymətinin aşağı olması üçünsə ya idxaldakı inhisarçılığı aradan qaldırmalıyıq, ya da idxal rüsumlarında müəyyən vergi güzəştlərinin tətbiqinə nail olmalıyıq".