Dünya Bankı (DB) 2024-cü il üzrə neftin qiyməti ilə bağlı proqnozunu 84 dollar/barelədək, 2025-ci üzrə isə 79 dollar/barelədək artırıb. 2026-cı il üzrə proqnoz 78,1 dollar/barel müəyyən edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının "Qlobal iqtisadi perspektivlər" hesabatının iyun sayında bildirilib. Bu, DB-nin yanvar proqnozunu ilə müqayisədə müvafiq olaraq 3% və 1% bəndi çoxdur.
Dünya Bankı qeyd edib ki, neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması fonunda aprel ayında əhəmiyyətli dərəcədə yüksəlib, lakin
sonra bir qədər enmə müşahidə edilib.
"Davam edən geosiyasi risklər fonunda Brent markalı neftin orta qiymətinin bu il əvvəlkindən bir qədər yüksək, 84 dollar/barel olacağı, 2025-ci ildə OPEC+ tədarükünün azaldılması və qeyri-OPEC+ istehsalının genişlənməsi fonunda 79 dollar/barelə qədər azalması proqnozlaşdırılır. Münaqişə ilə bağlı tədarükün pozulması nəticəsində yaranan qiymət artımı potensialını nəzərə alaraq, neftin yaxın müddətli qiymət proqnozu xüsusilə qeyri-müəyyəndir"- Dünya Bankının hesabatında əlavə edilib.