Bu ilin yanvar-may aylarında Azərbaycan 328,5 min ton buğda idxal edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 72,7 milyon ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 121,6 min ton (27 %), dəyər baxımından isə 62,2 milyon ABŞ dolları (46,1 %) azdır.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a bildirib ki, Azərbaycanın buğda idxalını azaltmasına səbəb, ehtiyatların kifayət qədər yüksək olmasıdır:
“Ümumiyyətlə taxıl qıtlığı yarana bilməz. Azərbaycanda təqribən 250-280 günlük taxıl ehtiyatı var. Yəqin ki, qiymətlər biraz yüksəlib. Yüksək qiymətlər dövründə taxıl alımını azaldaraq payız aylarını gözləyirlər ki, qiymətlər biraz aşağı düşsün”.
İqtisadçı ekspert Eyyub Kərimli isə bildirib ki, ölkəyə buğda idxalının azalması iki amil ilə bağlıdır:
“Birincisi, ötən il ilə müqayisədə ölkədə çörək istehlakı 38 faizdən çox azalıb. Bu isə o deməkdir ki, ölkədə insanlar daha az çörək və un məmulatları istehlak edirlər. İkincisi isə, artıq iki ildir ki, ölkədə ərzaq təhlükəsizliyi ilə geniş proqramlar icra edilir. Burada taxılın istehsalına mühüm diqqət artırılıb və yerlər açılıb. Hesab edirəm ki, işğaldan azad olunmuş bölgələr də bu dövrə öz dəyərini qatır. Həmin bölgələrdə xeyli taxıl becərmə imkanları genişlənir. Bu amillərin hər biri ölkənin buğdadan taxıl idxalını azaldır. Ümumiyyətlə müsbət bir amildir”.