İyunun sonuncu bazar günü Azərbaycanda qiymət artımı ilə yadda qaldı. Nəqliyyatda gediş haqları, eləcə də yanacaqda, məişət tullantılarının daşınmasında qiymətlər artırıldı. Məlum oldu ki, bazar günü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər artırılıb.
Qurumun yaydığı məlumata görə, müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik; Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik; Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olur.
Eyni zamanda, ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib. Lakin Bakı-Naxçıvan/Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib. Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 50 qəpik müəyyən edilib.Tarif (qiymət) Şurası isə Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında digər artımlarla bağlı qərar verdiyini açıqlayıb.
Məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli "Sherg.az"a açıqlamasında bildirib ki, Aİ-92 markalı benzininin və dizel yanacağının qiymətinin artırılmasında çoxsaylı səbəblərdən biri də hibrid, elektrik və CNG mühərrikli avtomobillərə keçid prosesini təşviq etməkdir:
''Aİ-92 markalı benzinlə işləyən avtomobillərin dövrü keçir. Əksər ölkələr 92 markalı benzin istehsal olunmur və ya satılmır. Hətta Aİ ərazisində benzin və ya dizel mühərrikli avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən sonra mümkün olmayacaq. Yəni, dəyişən dünya ilə ayaqlaşmaq lazımdır. Amma o da araşdırılmalıdır ki, ölkəmizdə elektrik mühərrikli avtomobillərin istifadəsi üçün infrastruktur quruculuğu prosesi tamamlanıbmı? Yaxud, statistik vətəndaşların yeni istehsal olunan elektromobillər almaq imkanları hansı səviyyədədir? Ümid edək ki, bu müstəvidə də kompleks tənzimləmələr və proqramlar hazırlanır''.
Qəbul edilən son qiymət dəyişikliklərinə müxtəlif nöqteyi-nəzərdən yanaşmalı olduğumuzu deyən iqtisadçı-ekspert Eyyub Kərimli isə söyləyib ki, qərarın iqtisadiyyata müəyyən təsirləri olacaq :
''Bu addım ilk növbədə ətraf mühitin qorunması və köhnə avtomobillərin istismar edilməsi baxımından atılıb. Həmçinin, bu ölkədə dizel avtomobillərinin istismarı azaldacaq. Qərardan sonra, CNG, elektromobil və hibrid avtomobillərə maraq artacaq. Artıq Avropada 2035-ci ilədək dizel yanacağı ilə işləyən avtomobillər qadağan olunacaq. Fikrimcə, bu istiqamətdə hazırlıqlar görülməlidir. Digər tərəfdən isə ölkədə uzunmüddətli avropa standartlarına keçilməsi ilə bağlı müzakirələr gedir və BMT-nin standartları tətbiq edilir. Bu baxımdan "Aİ92" markalı benzin avropa təcrübələrinə cavab verməsi, "Aİ-95" markalı benzinin ölkəmizdə istehsal edilməsi müsbət haldır. Sözsüz ki, standart və keyfiyyətin dəyişməsi qiymətə də təsir edir. Ona görə də "Aİ 95"-in qiymətinin azalması ölkədə daxili istehsalı artıracaq. İslahatlar bəzi hallarda çətin görsənsə də qaçınılmazdır. Hesab edirəm ki, yeni qəbul edilən dəyişikliklər ətraf mühitin qorunmasına müsbət təsir edəcək".
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev isə vurğulayıb ki, bütün dünya ölkələrinin öhdəliyinə görə 2035-ci ildən sonra, "Aİ" markalı və dizel mühərriki ilə işləyən avtomobillərin istehsalı və qeydiyyatı qadağan olunacaq:
''Həmçinin, Azərbaycan höküməti beynəlxalq səviyyədə öhdəliklər götürüb. Belə ki, gələcəkdə dünya ölkələri ümumi qlobal səviyyədə ekologiyanı çirklənmə səviyyəsinə görə vergi verməli olacaq. Hətta, ekologiyaya ziyan vuran müəssisələrə də vergilər tətbiq olunması gözlənilir. Vətandaşlar hər zaman dizelin benzindən ucuz olduğuna öyrəşib. Bu baxımdan ucuz yanacaq kimi dizeldən istifadə genişlənir. Ekoloji zərəri çox olan yanacaqların istifadəsindən yaranan ziyanı azaltmaq naminə onların istifadəsini məhdudlaşdırıblar. Həmin yanacaqlardan biri də dizeldir və gələcəkdə onun da qiymətinin artırılaraq benzindən çox olacağı kimi ehtimallar var. Bu istiqamətdə beynəlxalq aləmdə də müəyyən işlər görülür".