Halal hotellərdə qiymət daha baha olacaq -RƏY

Çünki spirtli içki verilməyəcək, daha keyfiyyətli ətlərdən, ərzaqlardan istifadə olunacaq
 
 
 Turizmin bu sahəsinin öz müştəri bazası var. Biz bu bazanı itirməməliyik, onları qazanmağa çalışmalıyıq.
Azərbaycan Standartlaşdırma İnstitutu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlayır. Bir müddətdir ki, bu məlumat sosial şəbəkələrdə də geniş müzakirə olunur. “Hotelin “halal”ı, “haram”ı olmaz”,  deyənlərlə yanaşı, “halal hotel”lərin ölkəmizdə turizmin inkişafına fayda verəcəyi, daha çox turisti cəlb edəcəyi fikrində olanlar da var. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hesab edir ki, halal hotel biznesi ölkədə turizmin inkişafına xidmət edəcək. Bu barədə Xidmətin rəisi Məmməd Abbasbəyli qeyd edib ki, yeni standartların hazırlanmasında əsas məqsəd islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır. Ölkədəki hotel və turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və turizm sektorunu müsəlman ölkələrindən gələn turistlər üçün daha cəlbedici etmək, bu sahədə inkişafa nail olmaqdır. Azərbaycanda halal turizm xidmətləri üzrə yeni dövlət standartının bu il qəbul edilməsi nəzərdə tutulur.
 “Hazırda dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlar var. Onların arasında islam ölkələrindən gələnlərin sayı heç də az deyil. Sözügedən standartın müəyən olunması həmin seqmentdən olan turistlərə yönəlib ki, onlar rahatlıqla gəlib qaldıqları yerlərdə halal konseptini hiss edə bilsinlər və hər hansı şübhəli məqam qalmasın. Halal standartının müəyyən olunması bir çox ölkələrdə tətbiq olunur. Halal sertifikatlı hotellər var. Hətta qiymət baxımından da digər ənənəvi hotellərdən qiymətləri heç də aşağı deyil, yuxarıdır. Çünki elə hotellərdə müəyyən qaydalara riayət olunur. Elə halal hotellərdə spirtli içkilərdən istifadə olunmur, kişi və qadın hovuz, çimərlikləri ayrı olur. Otaqlarda qiblənin göstərilməsi, müqəddəs kitabın, “Qurani-Kərim”in orada olması, namaz qılınması üçün yerlərin olması, qidada halallığın qorunması halal hotel xidmətlərinə aiddir".

 İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında bildirdi ki, halal hotelçilik təcrübəsi dünyada var:

- Burada qeyri-adi, təəccüblü bir şey yoxdur. Halal hotel biznesi dünyada çoxdan var. Qardaş Türkiyədə hətta 1970-ci illərdən halal hotel biznesinə başlanılıb. 1990-cı illərədək bu sahədə əsaslı inkişaf əldə edilib. Sırf bu sahə üzrə ixtisaslaşmış hotellər və xidmət personalı formalaşıb. Əslinə qalsa, halal turizm xidmətləri standartlarının qəbulu üçün hətta bir qədər gec qalmışıq. Son 20 ildə Azərbaycana gələn turistlərin sayında kəskin artım baş verib. Müsəlman ölkələrindən, ərəb ölkələrindən – Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Pakistan, İrandan gələnlər çox olur. Avropadan, Asiya ölkələrindən də gələnlər var. Turizmdə əsas məsələ turistə müxtəlif imkanlar, fərqli xidmətlər təklif etməkdir. Xidmətlər, imkanlar nə qədər genişdirsə, turist sayı da bir o qədər çox olacaq. Halal standartları ilə digərlərinin fərqi nədədir, təbii ki, ən böyük fərq spirtli içkilərin olmamasıdır. Kimsə deyə bilər ki, məgər ərəblər, müsəlmanlar arasında spirtli içki içənlər yoxdur? Bu bizi maraqlandırmır. Kim içir, kim içmir, öz işidi. Bizim üçün əsas odur ki, halal standartları ilə hotel xidmətləri təklif edilsin. Arzu edənlər sifariş verib gəlsinlər, dincəlsinlər. Turizmin inkişafını, turizmdən daxil olan gəlirlərin artmasını istəyiriksə, hər cür şərait yaradılmalıdır, müxtəlif xidmətlər təklif edilməlidir. Halal standartında spirtli içki yoxdur, qidalarda halal kəsimlərə üstünlük verilir, islamın qadağan etdiyi qidalara yer verilmir, ibadət üçün nəinki xüsusi otaqlar və ya hər nömrədə canamaz, qiblə göstəricisi qoyulur – çünki hazırda demək olar əksər mehmanxanalarda, hotellərdə, qonaq evləri, istirahət mərkəzlərində, hətta əyləncə mərkəzlərində də bunlar var – halal hotellərdə ibadət üçün kiçik məscid formasında hücrələr mövcud olur. Daha rahat ibadət etmək imkanı yaradılır. Sonra hovuzlar kişilər və qadınlar üçün ayrıdır. Qadınlar üçün olan hovuzlardan kişilərin istifadəsinə icazə verilmir. Qapalı hovuzlar təşkil edilir. Bizdə də var belə hotellər. Mən 2015-ci ildə görmüşəm belə hotelləri. Düzdür, ərazisi o qədər də böyük deyildi, amma halal standartlar orada tətbiq edilirdi. Turizmin bu sahəsinin öz müştəri bazası var. Biz bu bazanı itirməməliyik, onları qazanmağa çalışmalıyıq.
 
İqtisadçı qeyd etdi ki, gələn turistlərin əmin olmaları və rahatlıqları üçün, məsələn, yeməklərin hazırlanmasında hansı qidalardan istifadə edildiyini göstərən sertifikat, sənəd təqdim oluna bilər:
- Həm də halal hotellərdə qiymət daha baha olacaq. Çünki spirtli içki verilməyəcək, daha keyfiyyətli ətlərdən, ərzaqlardan istifadə olunacaq.  Xidmət səviyyəsi yüksək olduğu üçün qiymətlər də yüksək olacaq. Hotelçilikdə halal standartlarının tətbiqi turizm – mehmanxana sektoru üçün müsbətdir.