İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Məqsəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirməkdir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və "Azexport.az" portalının təşəbbüsü ilə könüllü tələbələr üçün "yaşıl söhbətlər" – “Green Talk” layihəsinin reallaşdırılmasına başlanılıb. Layihə çərçivəsində növbəti təlim keçirilib. Təlimdə “İslahat Könüllüləri”nin təşəbbüsü ilə “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov "Yaşıl iqtisadiyyatın inkişafında elektron ticarətin rolu" mövzusunda təqdimatla çıxıb edib. A.Qədəşov gənclərə “yaşıl iqtisadiyyat” anlayışı, resursların səmərəli idarə olunması, ekoloji təmiz və müasir texnologiyalardan istifadə və bu proseslərə elektron ticarətin dəstəyi haqqında ətraflı məlumat verib. Həmçinin elektron ticarətin üstünlükləri, rəqəmsal ödəniş vasitələri və logistika imkanları haqqında danışılıb. Təqdimat zamanı A.Qədəşov “Azexport.az” portalının fəaliyyəti, Azərbaycanda elektron ticarətin inkişafı və sahibkarlar üçün yaradılmış imkanlardan söz açıb, tələbələrə rəqəmsal özünüməşğulluq fəaliyyətinə dair materiallar təqdim edib. Təlimdə həmçinin “Amazon”, “eBay”, “Alibaba” və digər böyük platformalarda satış imkanlarına dair əsas məqamlar izah olunub. İnteraktiv keçən görüşdə gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar. Qeyd edək ki, "Green Talk" layihəsinin əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə “yaşıl düşüncə”nin formalaşmasına dəstək olmaqdır. Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalı ölkədə elektron ticarətin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə beynəlxalq əməkdaşlığı dərinləşdirir. Bu məqsədlə son aylarda portal və “Payoneer” beynəlxalq ödəniş sistemi arasında görüşlər keçirilib, sahə üzrə mövcud çətinliklərin həlli istiqamətində müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq “Payoneer” tərəfindən Azərbaycan üzrə menecer təyin olunub. “Payoneer” və “Azexport.az” portalının birgə əməkdaşlığı ilə sahə üzrə mövcud problemlərin həlli ilə bağlı konkret addımların atılması nəzərdə tutulur. Bura qeydiyyat prosedurlarının ölkə standartlarına uyğunlaşdırılması, təlim və maarifləndirmə işlərinin həyata keçirilməsi və digər texniki məsələlərin həlli daxildir. Qeyd edək ki, bundan əvvəl “Payoneer” rəqəmsal ödəniş platformasında qeydiyyat və digər mərəhələlərdə çətinlik yaşayan istifadəçilər dəstək üçün “Azexport.az” portalı vasitəsilə təşkilata müraciət edə bilər.
Ölkədə rəqəmsallaşma ilə bağlı son illərdə sürətli inkişaf nəzərə çarpır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu istiqamətdə vaxtaşırı təlimlər, könüllülərlə görüşlər, dövlət orqanları ilə birgə tədbirlər həyata keçirir. Rəqəmsal Ticarət Qovşağının (RTQ) m-rezidentlik proqramı çərçivəsində Dövlət Vergi Xidməti və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə baş tutan görüşdə RTQ-nin rəhbəri İsmət Mehrəliyeva qonaqlara portalın fəaliyyəti, müasirləşmə strategiyası ilə hazırlanmış yeni yol xəritəsi və sənəd dövriyyəsi prosesinin təkmilləşdirilməsi istiqamətində aparılan işlər haqqında məlumat verib. Görüşdə “B.EST Solutions” şirkətinin layihə meneceri Ceyhun Nəcəfli m-rezidentlik proqramı çərçivəsində hazırlanmış eSIM əsasında “Asan İmza”ya əsaslanan yeni biznes prosesi haqqında təqdimatla çıxış edib. Tərəflər arasında qeyri-rezidentlər tərəfindən müqavilələrin elektron formada imzalanmasına daha əlverişli şəraitin yaradılması, biznes prosesinin rəqəmsallaşması və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə “Asan İmza” sertifikatının verilməsi imkanı üzrə müzakirələr aparılaraq təkliflər səsləndirilib. “DTH - Rəqəmsal Ticarət Qovşağı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında yaradılıb. Rəqəmsal Ticarət Qovşağı ölkədə elektron ticarətin infrastruktur bazasının daha da inkişaf etdirilməsi və Azərbaycan Respublikasının regionda rəqəmsal ticarət qovşağı kimi mövqeyinin gücləndirilməsi məqsədilə yaradılmış elektron dövlət-özəl tərəfdaşlıq platformasıdır. RTQ vasitəsilə qeyri-rezidentlərə mobil və elektron rezidentlik təqdim olunur. Azərbaycan Dünyada m-Rezidentlik təklif edən 1-ci, e-Rezidentlik təklif edən Estoniyadan sonra 2-ci ölkədir. Bu qovşaq vasitəsilə əcnəbi vətəndaşlara bir sıra elektron xidmətlər təqdim olunur. Bunlar, m-Rezidentlik, virtual fərdi identifikasiya nömrəsi, biznes fəaliyyəti üçün elektron biznes sertifikatı, elektron dövlət xidmətlərinə giriş, biznes xidmətlərindən yararlanmaq imkanı, onlayn şirkət qeydiyyatı, 3 dildə qeydiyyat prosesi, mərhələli sadələşdirilmiş interfeys, virtual ünvan və köməkçi xidmətləri, elektron imza və elektron sənəd, gücləndirilmiş elektron imza sertifikatı, sənədlərin elektron imzalanması, onlayn bank hesabı, korporativ bank hesabı, individual bank hesabı, digər bank xidmətlərinə çıxış, onlayn vahid ixrac ərizəsi, sadələşdirilmiş interfeys, “sadəcə bir dəfə” prinsipi, bir pəncərə prinsipi, elektron bəyannamə, onlayn ixrac subsidiyası, sərbəst satış sertifikatı. Bunlar Azərbaycanda ilk dəfə təqdim edilir. Sistem tam elektronlaşdırılıb, məmur-sahibkar təması yoxdur.
Elektron ticarətin yaşıl iqtisadiyyatın inkişafında rolundan danışan iqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dünyada “yaşıl iqtisadiyyata” keçid artıq mühüm əhəmiyyət daşıyır, Azərbaycan da “yaşıl iqtisadiyyata” önəm verən ölkə kimi rəqəmsallaşma, electron ticarətin inkişafında maraqlıdır:
- Elektron ticarət dünyada trendə çevrilib artıq. Proseslər o qədər sürətlə cərəyan edir ki, təmaslara vaxt yoxdur artıq. Dünya rəqəmsallaşıb, elektron ticarət şəbəkəsi xeyli genişlənib. Daşınma, çatdırılma, elektron müqavilələr, razılaşmalar, logistika imkanları olduqca genişlənib. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu – Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və qlobal miqyasda gücləndirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır. Konsorsiumda özəl sektor təmsilçiləri PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də yer alır. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi daşıyır. DTH vasitəsilə 30 ölkədən 100-dən çox əcnəbi vətəndaşa Azərbaycanın Virtual Fərdi İdentifikasiya Nömrəsi və ölkədə dövlət və biznes elektron xidmətlərindən yararlanmaları üçün fərdi və biznes tipli elektron imza sertifikatları təqdim edilib. Elektron ticarət nədir? Elektron kommersiya da deyilir buna, onlayn xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyətidir. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi, inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır. İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilir. Elektron ticarətdə logistikanın təşkili, keyfiyyəti əsas şərtdir. Onlayn marketlər və pərakəndə satıcılar sifarişləri doldurmaq və məhsulları çatdırmaq üçün mümkün olan ən yaxşı yolu tapmalı olurlar. Rahat logistika imkanları təklif və təşkil edən ölkələr elektron ticarətdə irəliləyiş əldə edə bilir.