Günəş enerjisi istehsalı rekord səviyyədə artıb -PARLAMENTARİ

Bu, regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir

Azərbaycanın bərpa olunan enerji sektoruna investisiya yatırmaq istəyən xarici sərmayədarlar arasında rəqabət yaranıb


  Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb. Belə ki, bu ilin ilk yarısında günəş enerjisi istehsalı 9 dəfə artaraq 32,3 mln. kVt•stdan 286,6 mln. kVt•sta çatıb. Ölkə üzrə elektrik enerjisinin istehsalı 13 557,4  mln. kVt•st olub. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 mln. kVt•st, günəş elektrik stansiyalarında 286,6 mln. kVt•st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081.7 mln. kVt•st) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 mln. kVt•st-a çatıb.

  Millət vəkili Vüqar Bayramovun “Sherg.az”a açıqlamasına görə,  COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir: 

“Bu, ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhfəsidir. İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu, enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xərclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir”.
  
V.Bayramov qeyd edib  ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar.
  
Azərbaycanın böyük bərpa olunan enerji potensialına malik olduğunu xatırladan millət vəkili Azər Badamov da  “Sherg.az"a açıqlamasında deyib ki, ənənəvi enerji mənbələrinə malik olan ölkəmiz, yeni enerjiyə keçiddə də öz resursları ilə vacib rol oynayır:
 “Azərbaycanın "yaşıl keçid" platformasına töhfə verməsi üçün bərpa olunan enerji potensialı kifayət qədərdir. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizində yüksək bərpa olunan enerji potensialına malik olduğunu təsdiqləyib. Bu potensial isə ölkəmizi "yaşıl enerji"yə keçiddə də regionun lider dövlətinə çevirib. Son 20 ildə həyata keçirilən layihələr nəticəsində Azərbaycanın enerji sektorunda bərpa olunan enerjinin payı sürətlə artır və hazırda görülən işlər ölkədə dayanıqlı enerji təhlükəsizliyinin təmin olunmasını, Azərbaycanın regionda əsas bərpa olunan enerji ixracatçısına çevrilməsi məqsədini özündə ehtiva edir”.


Azərbaycanın bərpa olunan enerji sahəsində böyük inkişaf potensialına malik olduğunu vurğulayan deputat ölkənin böyük külək və günəş resurslarına, həmçinin biokütlə, geotermal və su elektrik stansiyaları baxımdan əhəmiyyətli perspektivlərə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkəmizdə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faizə çatdırılması hədəflənir: 
“COP29-un ölkəmizdə keçirilməsi bərpa olunan enerji sektorunun inkişafına yeni töhfə olacaq. Ölkəmizin bərpa olunan enerji potensialı 200 giqavat olduğu hesablanıb. Azərbaycan bu istiqamətdə çox ciddi addımlar atan region ölkəsidir. Ötən il Qaradağ rayonunda istismara verilən Günəş-Elektrik stansiyası Cənubi Qafqazda ilkdir. Stansiya əhəmiyyətinə görə xüsusi diqqət çəkir. Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk Günəş elektrik stansiyasıdır. 230 MVt gücündə olan stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min Günəş paneli quraşdırılıb”.
  Millət vəkili həmçinin əlavə edib ki,  hazırda Azərbaycanın bərpa olunan enerji sektoruna investisiya yatırmaq istəyən xarici sərmayədarlar arasında rəqabət yaranıb: “2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq əsas hədəflərdəndir. Bu həm qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə verdiyimiz töhfə olacaq, digər tərəfdən daha çox qaza qənaət edəcəyik. Bu da o deməkdir ki, daha çox qazı Avropaya ixrac edəcəyik. Qazın Avropaya daha çox ixracı orada da istilik effekti yaradan yanacaqdan istifadəni azaldacaq”.