Prosesin ağrısız keçməsi üçün onların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi daha vacibdir
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Naxçıvan Bank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış “E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib. Bu qərar yenidən ölkədə digər bankların bağlanıb-bağlanmayacağı sualını gündəmə gətirib.
İqtisadçı-ekspert Eldəniz Əmirovun açıqlamasına görə, bankların bağlanması əhalinin bank sektoruna olan inamına pis təsir göstərir. Digər tərəfdən, əgər bu problem varsa, düşünürəm ki, bunu digər yollarla da həll etmək olar: “Naxçıvan Bank"ın bağlanmasının səbəbi kimi onun səhmdarlarının qərarı göstərilir. Belə ki, bu bankın maliyyə göstəriciləri qənaətbəxş olsa da, yəni likvid aktivləri kreditor öhdəliklərini üstələsə də, səhmdarlar onun bağlanmasına və BOKT-a (Bank Olmayan Kredit Təşkilatı) çevrilməsinə qərar verib. Əslində, maraqlı məqamdır. BOKT-ların Bank olmaq arzusu ilə çarpışdığı bir dünyada "Naxçıvan Bank"ın səhmdarları niyə BOKT olmağı arzulayıb?
Ümumiyyətlə, bankların sayının azalması bank sektorunda rəqabət mühiti üçün yaxşı heç nə vəd etmir. Düzdür, son bir neçə ildə bağlanan bankların maliyyə vəziyyəti elə idi ki, onsuz da bu bankların rəqabət mühiti üçün bir faydası yox idi. Amma yenə də hər hansı bankın bağlanması bu sektor üçün uğur deyil.
İnsan ayağında problemli (xəstə) barmaq olanda o insanın rahat yeriməsinə mane olur. Bu xəstə barmaqdan xilas olmaq üçün onu amputasiya etmək olar. Amma bu ən yaxşı yol deyil. Çünki hər xəstə barmaq amputasiya olunarsa, bir gün insan 2-3 barmağın ümidinə qalar və yerimək qabiliyyətini itirər. Ona görə də yaxşı olardı ki, maksimum dərəcədə problemli barmaqlar müalicə olunsun. Axı müalicənin yüz üsulu var, amputasiyanın isə bir”.
Növbəti mərhələdə hansısa bankların bağlanıb-bağlanmayacağı sualına gəldikdə isə E.Əmirov bildirib ki, bəzi banklar maliyyə hesabatları qənaətbəxş olmadığına görə bağlanır, amma “Naxçıvan Bank”da maliyyə vəziyyəti qənətbəxş olsa belə, səhmdarlar bankın bağlanması barədə qərar veriblər: “Bu onu deməyə əsas verir ki, banklar yalnız maliyyə vəziyyəti ilə bağlı yox, həmçinin fərqli səbəblərdən də bağlana bilər. Səhmdarların istəyi də bankların bağlanmasına gətirib-çıxara bilir.
Bu vəziyyət isə növbəti hansı bankın səhmdarlarının belə qərar verəcəyini deməkdə çətinlik yaradır. Ona görə də növbəti mərhələdə hansı bankın bağlanıb-bağlanmayacağına dair proqnoz söyləmək praktik olaraq mümkün deyil. Hansı bankın səhmdarlarının sabah hansı qərarı verəcəklərini demək çətindir”.
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə “Sherg.az”a bildirib ki, bankların azalması davam edəcək:
"Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var". Ekspert hesab edir ki, bankların sayının azalması prosesinin ağrısız keçməsi üçün onların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi daha vacibdir.
Bank maliyyə vasitəçisidir. Bankın maliyyə vəziyyəti o vaxt pisləşir ki, passivləri aktivdən çoxdur. Yəni borc puldan daha çoxdur. Bu da problemli kreditlərin həcmi artanda çoxalır. Hazırkı vəziyyətdə banklar üçün ciddi bir təhlükə yoxdur. Lakin əmanətlərin həcminin azalması banklar üçün xəbərdarlıq kimi qəbul edilməlidir. Bank aktivini artırmağa çalışmalıdır”.