Azərbaycanda yağların qiymətində kəskin artım müşahidə olunur
Bakupost.az –ın məlumatına görə, 180-200 qramlıq yağların qiyməti 5 manatı keçib.
Belə ki, marketlərdə “Westgold”un 180 qramlığı 5 manat 44 qəpik, “Anchor”un 200 qramlığı isə 5 manat 28 qəpikdir.
Bahalaşmadan narazı olan alıcılar deyirlər ki, ötən ay həmin yağların satış qiyməti 4 manat olub:
“200 qramlıq yağın qiyməti 6 manata çatır. Elə adam var mədəsində problem olur, başqa yağı yeyə bilmir. Məcburdur, bunlardan alsın. Amma qiymətlər "od tutub yanır". Bütün məhsulların qiyməti qalxıb. Aldığımız maaş bazarlığa çatmır. Hər ay 1-2 manat qiymətlər artır. Belə olmaz axı!”.
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, avqust ayında dünya ərzaq qiymətlərində ucuzlaşmanın olmasına baxmayaraq süd və ağartı qiymətlərində artım davam edib:
“Avqust ayında dünyadakı ağartı məhsullarında 2.2 faizlik bahalaşma müşahidə olunub. Həmçinin son 12 ayda dünya bazarında qiymət artımı 14 faiz təşkil edib. Bu ümumdünya ərzaq təşkilatının aylıq ərzaq qiymətləri indeksində də öz əksini tapıb. Bir sözlə dünya bazarında son 1 ildə bahalaşan ərzaq seqmentində ağartı məhsulları ən yüksəkdədir. Bunun isə səbəbi əsas süd istehsal edən ölkələrdə, xüsusən də Avropada tələbatın yüksək olması, eyni zamanda ehtiyatların aşağı düşməsidir. Təbii ki, bu Azərbaycan bazarına da öz təsirini göstərir. Azərbaycan bazarına südçülük məhsulları Avropa, Zellandiya, köhnə MDB ölkələrindən, Rusiya və Belarusiyadan gəlir. Yəni Azərbaycan südçülük və yağ bazarında idxaldan asılıdır. Ölkəmizdə bu sahədə yerli istehsal çox zəifdir, hətta yox səviyyəsindədir. İstehsal olsa, belə o demək deyil ki, Azərbaycan daha ucuz məhsulları istehsal edəcək. Çünki Azərbaycan yerli istehsal olunan bir sıra məhsulların da qablaşmasını həyata keçirir. Yağı alaraq, qablaşdırmaqla yerli istehsalın nümunəsi kimi təqdim edirlər. Bu baxımdan da ölkə idxaldan və idxal qiymətlərindən asılıdır. Dünya bazarında da qiymətlər artdıqca, ölkəmizə də təsirsiz ötüşmür. Çünki dünyada, xüsusən də yaxın Şərqdə baş verən problemlər daşıma qiymətlərinə də ciddi təsir göstərib. Belə vəziyyətdə yeni formalaşan İstahlak Bazarlarına Nəzarət və Antiinhisar Xidmətinin üzərlərinə də yük düşür ki, bazarların strukturunu analiz etsin və idxalçıların uyğunlaşdırılmış hərəkətinin qarşısını alsın. Yəni bazarda istehlakçıların, alıcıların ziyan vuracaq hərəkətlərin qarşısını alsınlar”.