Azərbaycanda bəzi alkoqollu içkilərin satışı məhdudlaşdırıla bilər. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı müzakirədə deyib.
Qanunun qüvvəyə minməsindən sonra alkoqollu içkilərin minimum qiymətdən ucuz satılması qadağan ediləcək. Komitə sədri bildirib ki, bu tələbi pozanlar üçün məsuliyyət növləri də müəyyən ediləcək.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, bütün hallarda bu qərar istehlakçıların zərərinədir:
"Bununla, təhlükəli, keyfiyyətsiz alkaqollu içkilərin qarşısını almaq mümkün olmayacaq. Yəni, saxta içki istehsal edənlər belə, qiymətləri qaldıracaqlar. Onlar dövlətin qərarlarına əməl edirik deyərək özlərinə haqq qazandıracaqlar. Bu halda qazanan saxta içki istehsal edənlər olacaq. Alıcılar isə həm qiymətdə, həm də keyfiyyətdə uduzacaqlar. Ona görə də bu yöndə ciddi monitorinqlər aparılmalıdır. Qiymətlə bərabər, keyfiyyətin yüksəldilməsi məsələsi diqqətdə saxlanılmalıdır. Bir neçə il öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi vəziyyətin acınacaqlı olduğunu bildirdi. Sübut etdi ki, ölkədə saxta içkilər bahalı restoranlarda müştərilərə təqdim edilir. Düşünürəm ki, məhz, həmin qurum daha fəal işləməlidir. Ümumiyyətlə alkaqollu içkilərin lisenziyası ləğv olunduqdan sonra çox saylı araq istehsalçıları meydana çıxdı. İstehsalçı sayı artmasına baxmayaraq, keyfiyyət qalxmadı. Hökümətin alkaqollu içkilər haqda aşağı qiymət müəyyənləşdirməsi yaxşı haldır. Lakin bundan qazanan saxta istehsalçılar olacaq. Standartlara uyğun araq istehsalçıları isə uduzacaq".