Natiq Cəfərli: Uçot dərəcəsi birbaşa məzənnəyə təsir göstərə bilməz

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək. Noyabrın 1-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı yeddinci qərarını açıqlayacaq.
Son üç qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Mərkəzi Bankdan bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.                          

Məsələni dəyərləndirən iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarı dolların və yaxud manatın məzənnəsinə təsir etmir:                                    

"Çünki manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Ona görə də uçot dərəcəsinin hansı səviyyədə olması birbaşa məzənnəyə təsir göstərə bilməz. Uçot dərəcəsinin təsir göstərdiyi tək sahə bankların təyin etdiyi kredit faizlərinədir. Bu prosses isə birbaşa baş vermir. Yəni, uzun müddətdən sonra, dolayı yollarla reaksiya verir. Uçot dərəcəsi aşağı düşdükdə bank faizləri də azaldır. Böyük ehtimal, Mərkəzi Bank uçot dərəcəsini 0.25 faiz aşağı salacaq. Çünki keçən dəfə dərəcə sabit saxlanıldı. Əlavə olaraq dünyanın aparıcı bankları və Avropa Mərkəzi Bankı da uçot dərəcələrini endiriblər. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankı həmin trende uyğun hərəkət edir".