İqtisadçı: Yumurtanın qiymətinin artmasının bir neçə səbəbi var

Bölgələrdə kənd yumurtasının qiymətində kəskin artım müşahidə edilir.
"Qaynarinfo.az xəbər verir ki, kənd yumurtasının bir ədədinin qiyməti 26-27 qəpiyə təklif edilir.
Oktyabr ayının ikinci ongünlüyündə isə kənd yumurtasının bir ədədi 14-15 qəpiyə satılırdı. Sakinlər noyabrın əvvəlində qiymətin yenə də artacağını bildiriblər.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ölkəmizdən yumurta ixracı kənd yumurtasının qiymətinə heç bir təsir etmir: 

"Əslində yumurtanın qiymətinin artmasının bir neçə səbəbi var. İlk olaraq qış mövsümü ilə əlaqədar sakinlər quşçuluqla məşğul olmağa maraq göstərmirlər. Bəzi ailələr yalnız özlərini təmin etməkdən ötrü, 3-4 toyuq saxlayırlar. Lakin nəzərə almaq lazımdır ki, qış aylarında toyuq məhsullarına tələbat artır. Digər tərəfdən ümumi ərzaq bahalaşması yumurtanın və yemin qiymətinə də təsir edir. Bildiyiniz kimi, bütün dünyada orqanik məhsulların qiyməti digərlərinə nəzərən daha baha olur. Çünki onlar arasında keyfiyyət fərqi var. Təbii ki, hər bir təsərrüfatçı məhsulunu daha baha satmağa can atır. Kəndlilər çalışır ki, yumurtanı baha qiymətə satıb, yem üçün xərclədiyi vəsaitin bir hissəsini ödəsinlər”.