Türkiyə şirkətləri Rusiya bazarında Qərb şirkətlərinin getməsindən sonra boşalmış yerləri inamla tutublar.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” nəşri məlumat yayıb.
“Türkiyə Rusiya Federasiyasının diplomatik və iqtisadi əlaqələr saxladığı azsaylı dövlətlərdən biridir. Qərbin embarqosuna qoşulmayıb və Rusiya ilə ticarəti dayandırmayıb. Əksinə, Qərb şirkətlərinin boşaldığı yerləri türk şirkətləri tutdu”, - məqalədə deyilir.
Nəşr Türkiyə brendlərinin Rusiya bazarında ən böyük oyunçuya çevrildiyinə də aydınlıq gətirir. Bundan başqa, türk istehsalçıları məişət texnikası sahəsində xüsusi uğurlar əldə ediblər.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a bildirib ki, Türkiyə şirkətlərinin Rusiya bazarına daxil olması uzun illərdir başlayıb:
“Lakin 2022-ci ildən sonra isə bu daha da intensivləşdi. Bir çox sahələrdə Türkiyə sanksiyalara qoşulmayıb və Qərb şirkətləri, Qərb dövlətləri üçün də bu önəmlidir. Çünki Türkiyə üzərindən bir çox əməliyyatların həyata keçirilməsi daha rahatdır. Rusiya ilə müəyyən əlaqələr mövcuddur. Sadəcə, Türkiyə daha rahat logistik mərkəzdir, deyə bu Türkiyə üzərindən həyata keçirilir. Rusiyanın Türkiyədən asılılığı xeyli dərəcədə artıb. Çünki Rusiyanın indi Avropaya sata biləcəyi qazın həcmi ancaq Türkiyə ərazisindən keçir. Yanvarın birindən digər marşrutların hər biri dayanıb. Türk axını vasitəsilə Rusiya qazı Avropaya çatdırılmağa başlanılıb. Yəni Türkiyə bu sahədə yeganə marşruta çevrilib. Ümumiyyətlə Rusiya və Türkiyə arasında iqtisadi əlaqələr, qarşılıqlı asılılıq üzərində qurulub. Rusiyanın Türkiyədən asılılığı isə son vaxtlar xeyli dərəcədə artıb. Ona görə də bu sərfəli əlaqələrdir. Yəni Türkiyə dövlətinə xeyir olmayan, heç bir əlaqələri Rusiya ilə inkişaf etdirmir. Ancaq Türkiyə dövlətinə və Türkiyə şirkətlərinə gəlirli və xeyirli sahələrdə əlaqələr inkişaf etdirilir. Bu da doğru strategiya və doğru qərardır”.