İqtisadçı: Yerli istehsal daxili tələbatı ödəyə bilmir

Heyvandarlıq və süd məhsulları istehsalının inkişaf etdirilməsi vacibdir

Bu, ölkədə kərə yağının qiymətinin sabitləşməsinə kömək edər

Son aylar Azərbaycanda kərə yağının qiymətində kəskin artım müşahidə edilir. Bir ay əvvəl 22 manata satılan kərə yağı hazırda 24-25 manata təklif edilir. Bu, təxminən 13 faiz artım deməkdir.
Qeyd edək ki, cari ildə  Azərbaycana 5,338 ton kərə yağı və süd mənşəli yağlar idxal olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79.8 faiz artım deməkdir. Ümumi dəyər isə 36.8 milyon ABŞ dolları olub – bu da 2.4 dəfə artım göstərir.
İqtisadçı-ekspertlər isə kərə yağının bahalaşmasının əsasən xarici faktorlara bağlı olduğunu qeyd edir. Sözsüz ki, yerli bazarda nəzarətin zəifliyi bəzi hallarda süni qiymət artımına da şərait yarada bilər.
Qiymət artımının əsas səbəblərinə toxunan ekspertlər dünya bazarında qiymət artımını misal gətiriblər. Ekspertlər kərə yağının bahalaşmasının süni qiymət artımı olmadığını qeyd ediblər. 

Azərbaycanın kərə yağını əsasən xaricdən aldığını xatırladan iqtisadçı-ekspert Pərviz Heydərov da "Sherg.az"a açıqlamasında deyib ki, dünya bazarında qiymətlər yüksəlibsə, bu, birbaşa daxili bazara da təsir edir: 
"Son illər ölkəmizin ərzaq məhsulları, xüsusən də kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığının artması ciddi narahatlıq doğurur. Kərə yağı emal olunmuş kənd təsərrüfatı məhsulu hesab olunur. Elə əvvəldən Azərbaycanda kərə yağı təminatı idxaldan asılı olub. Yerli məhsullar daxili tələbatı ödəmək gücündə deyildi. Lakin son vaxtlar bu sahədə idxaldan asılılığın daha da genişlənməsi ümumi ərzaq məhsulları üzrə idxaldan asılılığımızın genişlənməsi fonunda baş verir. 
Ölkəmizdə ət və ət məhsullarının da idxalında kəskin artım müşahidə edilir. Bütün bunlar da kifayət qədər ciddi tendensiya sayılır". 

Pərviz Heydərov hesab edir ki, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılması kərə yağının qiymətinin sabitləşməsinə və əhalinin bu məhsula əlçatanlığının yaxşılaşmasına müsbət təsir göstərə bilər: 
"Qeyd etdiyim kimi, yerli istehsal daxili tələbatı ödəyə bilmir. Heyvandarlıq və süd məhsulları istehsalının inkişaf etdirilməsi vacibdir. Bu, ölkədə kərə yağının qiymətinin sabitləşməsinə kömək edər".