Avropanın enerji ehtiyatları tükənir: Qazın qiyməti 180 faizdən çox artıb

Avropada təbii qazın qiyməti fevral ayı ilə müqayisədə 180 faizdən çox artaraq meqavat-saat üçün 89 avroya yaxınlaşıb. Qış mövsümü ərəfəsində enerji təchizatı ilə bağlı narahatlıqlar artır. Aşağı qaz ehtiyatları, Yaxın Şərqdəki təchizat problemləri və Asiya ölkələri ilə mayeləşdirilmiş təbii qaz (LNG) uğrunda rəqabət Avropa bazarına təzyiq göstərir.

Sherg.az xəbər verir ki, Avropa İttifaqı 2024-cü ildə enerji tələbatının 57 faizini xalis idxal hesabına ödəyib. Rusiya boru kəmərləri ilə qaz tədarükünün azalmasından sonra LNG idxalına üstünlük verən Avropa indi eyni tədarük mənbələri uğrunda Asiya alıcıları ilə rəqabət aparır. Hörmüz boğazında daşımaların pozulması da qlobal LNG təchizatının təxminən 20 faizinə təsir göstərib.

Gas Infrastructure Europe təşkilatının məlumatına görə, oktyabrın 17-də Avropa İttifaqının qaz anbarlarının doluluq səviyyəsi 74,5 faiz təşkil edib. Bu, son beş ilin eyni dövr üzrə orta göstəricisindən 14,6 faiz bəndi aşağıdır. Almaniyada ehtiyatların cəmi 61 faiz dolu olması isə qış öncəsi narahatlığı artırır.

Qazın bahalaşması yalnız istilik xərclərinə deyil, elektrik enerjisi istehsalına və kimya, gübrə, şüşə, keramika, dəmir-polad kimi enerji tutumlu sənaye sahələrinə də təsir edə bilər. İstehsal xərclərinin artması məhsulların qiymətini yüksəldə, Avropa sənayesinin rəqabət qabiliyyətini zəiflədə bilər.

Fransada yanacaq qiymətlərinə etirazlar

Fransada oktyabrın 17-də keçirilən ümumölkə etirazlarında yaşayış xərclərinin və yanacağın bahalaşması əsas mövzulardan olub. 2018-ci ildə yanacaq vergilərinə etirazla meydana çıxan “Sarı jiletlilər” hərəkatının yenidən canlandırılması çağırışları ilə müşayiət olunan aksiyalarda əhalinin alıcılıq qabiliyyətinin azalmasına da narazılıq bildirilib.