Sergen Yalçın Türkiyə Futbol Federasiyasının (TFF) milli komandanın baş məşqçisi vəzifəsi üçün göndərdiyi təklifi qəbul edib.
Oxu.Az bu barədə "KAFA Sports"a istinadən xəbər verir.
Bildirilir ki, TFF 53 yaşlı məşqçi ilə 4 illik razılaşma əldə edib. Federasiya çərşənbə axşamı keçirəcəyi iclasdan sonra Sergen Yalçınla bağlı rəsmi açıqlama verəcək.
Müqavilənin rəsmi olaraq bağlanması ilə Sergen Yalçının noyabr ayında milli komanda oyunlarında vəzifəsinə başlaması gözlənilir.
Türkiyə noyabrın 12-də UEFA Millətlər Liqasının A qrupunda Belçikanı qəbul edəcək. Bundan sonra milli komanda noyabrın 15-də Fransa ilə qarşılaşacaq.
16:29
Türkiyə millisinin baş məşqçi postu ilə bağlı diqqətçəkən yenilik baş verib.
Oxu.Az "A Spor"a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) baş məşqçi vəzifəsi üçün Sergen Yalçına təklif göndərib.
Yığma komandanın yeni çalışdırıcısının kim olacağı maraqla gözlənildiyi bir vaxtda, bütün diqqətlər TFF-nin İdarə Heyətinə yönəlib.
Yekun qərarın qurumun sabah keçiriləcək iclasından sonra açıqlanması ehtimal olunur.
Qeyd edək ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ı çalışdırıb.
Xatırladaq ki, italiyalı məşqçi Vinçenzo Montella ilə yollarını ayıran TFF yığmanı gənc çalışdırıcı Arda Turana tapşırmağı hədəfləmişdi. 39 yaşlı məşqçi isə "Şaxtyor Donetsk"dən ayrılmaq istəmədiyini bildirərək, yığmaya rəhbərlik etmək planlarının olmadığını bəyan edib.