Azərbaycan üçün strateji fürsət: Aİ Rusiyadan qaz idxalını qadağan edir 

Avropa İttifaqı (Aİ) Rusiyadan qaz idxalını qadağan etmək və rus tədarükçüləri ilə mövcud müqavilələri mərhələli şəkildə dayandırmaq planlarını təqdim edəcək. “Reuters” agentliyinin məlumatına görə, Aİ Moskva ilə uzunmüddətli enerji əlaqələrini dayandırmaq niyyətindədir. Nəşr həmçinin bildirib ki, Avropa İttifaqının 2027-ci ilə qədər Rusiyanın qalıq yanacaqlarından tamamilə imtina etmək kimi qeyri-məcburi məqsədi var.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması enerji sektorunu qlobal geosiyasi təzyiq alətinə çevirib. Aİ uzun müddətdir ki, enerji baxımından Rusiyadan asılı idi – xüsusilə Almaniya, Macarıstan, Avstriya kimi ölkələr üçün bu asılılıq strateji risk hesab olunurdu. Müharibə fonunda bu risk artıq reallığa çevrildi. Bu səbəbdən Brüssel enerji siyasətini kəskin şəkildə yenidən nəzərdən keçirməyə başladı. Aİ yeni müqavilələr bağlamamaq, mövcud müqavilələri mərhələli şəkildə ləğv etmək, alternativ enerji tədarükçüləri tapmaq və daxili enerji istehsalını artırmaq niyyətindədir. Hazırda Aİ-nin qaz idxalının təxminən 19 faizi Rusiyadan təmin olunur. Bu asılılığın azaldılması üçün Aİ, ABŞ, Qətər, Kanada və Afrika ölkələrindən alternativ mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü artırmağı planlaşdırır. Bununla yanaşı, Aİ-nin REPowerEU planı çərçivəsində enerji istehlakının azaldılması, təmiz enerji istehsalının artırılması və enerji tədarükünün diversifikasiyası kimi tədbirlər də həyata keçirilir.
Bu xəbər qlobal enerji bazarlarında və geosiyasi münasibətlərdə mühüm dəyişikliklərə yol aça biləcək strateji bir addımı əks etdirir. Aİ-nin son qərarı təkcə enerji sahəsini deyil, qlobal siyasət və iqtisadi münasibətləri də dərin şəkildə təsirləndirəcək.
Ekspertlərin fikrincə, Aİ-nin Rusiya qazından imtinası Azərbaycan üçün strateji fürsət yaradır. Ölkəmiz qaz ixracını artırmaqla Aİ ilə enerji tərəfdaşlığını gücləndirə, yeni uzunmüddətli müqavilələr imzalaya bilər. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sherg.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı uzun müddətdir ki, bu məsələ ilə bağlı müzakirələr aparır, alternativ yollar axtarırdı. Bir neçə variant üzərində çalışırdılar: 
“2022-ci ilin  dekabr ayının 5-dən etibarən Rusiyadan neft idxalına sanksiya qoyulub. 2023-cü ilin fevralın 5-də isə Rusiyadan alınan neft məhsulları və kömürə qadağalar qoyuldu. Lakin qazla bağlı heç bir sanksiya tətbiq olunmayıb. 2021-2024-cü illərin nəticələrinə baxanda isə görürük ki, ötən 3 il ərzində Avropa İttifaqı Rusiyadan yüz milyard kubmetr qaz idxal edib. Ötən il isə 53 milyard kubmetr maye və boru qazı alıb. Bundan sonrakı dövr üçün bu rəqəmləri azaltmaq istəyir. Lakin bəzi Avropa ölkələrinin Rusiya ilə uzunmüddətli qaz alqı-satqı müqavilələrinin olması məsələni qəlizləşdirir. Bu dövlətlər birtərəfli qaydada müqavilənin şərtlərini pozsalar, almadığı həcmlərin dəyərini ödəməlidir. Onu da deyim ki, Azərbaycanın da Şahdəniz-2 layihəsi üzrə Avropanın 10 şirkəti ilə bağladığı müqavilə məhz al və ödə prinsipi ilə tənzimlənir.  2045-ci il dekabrın 31-nə qədər vaxtı var bu müqavilənin. Əgər bu müddət ərzində sözügedən şirkətlər Azərbaycandan qaz almasalar, yerdə qalan illərin pulunu ödəməlidir”.