Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 23 989,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 2,4% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 55,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.

Belə ki, hesabat dövründə bu kəmərlə 13 385,1 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 235,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,3% azalma müşahidə olunub. Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 23 143,9 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).