Türk dünyası regional gücə çevriləcək - RƏY

Milli iqtisadiyyatların sürətli inkişafı qeydə alınıb
Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibəsində Azərbaycan-Türk dünyası münasibətlərində ölkənin oynadığı mühüm rolu və gələcək perspektivləri açıqlayıb.  O, Türk Dövlətləri Təşkilatının hazırda böyük potensiala malik olduğunu, Azərbaycanın isə hər zaman bu qurumu gücləndirməyə sadiq qaldığını vurğulayıb. Prezident bildirib ki, təşkilat əvvəlcə məşvərətçi və ya şura tipli qrup kimi fəaliyyət göstərsə də, zamanla transformasiya edərək strateji və iqtisadi sahələrdə mühüm rol oynayan bir quruma çevrilib.
İlham Əliyev Azərbaycanın Türkiyə ilə çox sıx əlaqələrini, 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzalanan hərbi və siyasi müttəfiqlik bəyannaməsini qeyd edib. O, bunun yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası üçün hüquqi və strateji əhəmiyyət daşıdığını bildirib. Prezident həmçinin Özbəkistanla imzalanan müttəfiqlik müqaviləsi və digər Türk Dövlətləri Təşkilatı üzvləri ilə mövcud olan strateji tərəfdaşlıq sənədlərini qeyd edərək, bu əlaqələrin təşkilatın böyük potensialını nümayiş etdirdiyini vurğulayıb. 
Prezident İlham Əliyev təşkilatın nadirliyini onun üzvlərini birləşdirən ortaq köklərlə izah edib. O bildirdi ki, digər beynəlxalq təşkilatlarla müqayisədə Türk Dövlətləri Təşkilatını birləşdirən əsas amil ortaq etnik mənsubiyyətdir: 
“Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Çünki digər beynəlxalq təşkilatlara baxsaq, onların hamısını deyil, bəlkə də, bir qismini ortaq etnik qrup birləşdirir. Bəli, biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Üzv ölkələrin əhalisinin artımı, iqtisadi inkişafı və təbii sərvətləri təşkilatı gücləndirən əlavə üstünlüklərdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir”.
Eyni zamanda, Prezident Azərbaycanın hərbi gücünü və logistika imkanlarını da qeyd edərək, ölkənin regionda strateji əhəmiyyətini vurğulayıb: 
“Bizim geniş coğrafiyamız var. Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dən sonra ikinci yerdədir. Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. Həmçinin logistika. Bu gün dəhlizlərdən danışanda bizdən yan keçə bilməzsiniz. Siz bizim ərazimizdən, obyektlərimizdən istifadə edə bilərsiniz. Həm də vacib olan odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir”.
Gələcək perspektivlərə toxunan İlham Əliyev bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatını həm iqtisadi, həm enerji, həm daşımalar, həm də mədəniyyət layihələri ilə möhkəmləndirməyi hədəfləyir. O, təşkilatı qlobal səviyyədə rol oynayan, beynəlxalq arenada sabitliyi təşviq edən və qonşular üçün imkanlar yaradan güclü iştirakçı kimi görür. Prezident vurğulayıb ki, bu yanaşma ilə Azərbaycan həm regional sabitliyi təmin edir, həm də geniş coğrafiyada heç kimə təhlükə törətməyən, amma çoxları üçün fürsət yaradan nümunəvi bir birliyi nümayiş etdirir.
Bu barədə “Sherg.az”a danışan millət vəkili Vüqar Bayramov da deyib ki, Azərbaycan türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın güclənməsinə xüsusi töhfə verən dövlətdir: 
“Son illər həm türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də milli iqtisadiyyatlarının sürətli inkişafı qeydə alınıb. 2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz böyüyüb. Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstələyir. Türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə çevrilərək qlobal məsələlərə töhfə verə bilir. Bu, Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geosiyasi mövqeyini daha da gücləndirir”.